Aprelin 16-da Fransanın Avropa və Xarici İşlər Nazirliyi bu ölkənin Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırılması barədə məlumat yayıb.
“Son aylarda Azərbaycan tərəfindən ölkələrimiz arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətlərin davam etməsi ilə əlaqədar Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”, məlumatda qeyd edilir.
Nazirlik bildirir ki, Fransa prezidenti Emmanuel Makron aprelin 16-da səfir Buayonu qəbul edərək Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini bildirib və Azərbaycan tərəfinin niyyətlərinə aydınlıq gətirməsini istəyib.
Aprelin 17-də Azərbaycan geri çağırılmasına münasibət bildirib.
“Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir”.
Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Hacızadə Fransanın son illərdə atdığı addımların Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini sual altına qoyduğunu deyib.
Mətbuat katibi həmçinin Fransanın dəfələrlə beynəlxalq platformalarda Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olduğunu əlavə edib.
Aprelin 16-da yayılan məlumatda rəsmi Paris Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə normallaşmasını dəstəklədiyini bildirib, normallaşmanın hər iki ölkəyə və regiona fayda verəcəyini qeyd edib.
Azərbaycan-Fransa münasibətləri Azərbaycanın Qarabağda 2023-cü ilin sentyabrında apardığı hərbi əməliyyatlardan sonra gərginləşib.
Ötən ilin oktyabrında Fransanın Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən Yerevanın silah və hərbi texnika ilə təhciz olunmasına dair sənədlər imzalaması fonunda Azərbaycan-Fransa münasibətləri daha da pisləşib.