Traktor komandasının minlərlə qadın azarkeşi Səhənd stadionunda futbol matçını izləyib

Təbrizin Səhənd stadionunda Traktor komandasının qadın azarkeşləri (Foto: "tractorclub1970" İnstagram səhifəsi)

Bu gün aprelin 12-də Traktor komandasının minlərlə qadın azarkeşi Səhənd stadionuna buraxılıb.

Fars xəbər agentliyi Təbrizin Səhənd stadionunda Traktorun qadın azarkeşlərinin sayının 5 mindən çox olduğunu açıqlayıb.

Traktor komandasının minlərlə qadın azarkeşi Səhənd stadionunda komandalarını alqışlayıb.

Sosial mediada yayılan videolara görə, Traktor komandasının azarkeşləri qadınların Səhənd stadionuna daxil olması münasibəti ilə onları "Azərbaycan qızları, göylərin ulduzları" şüarları ilə qarşılayıblar.

Təbrizdə futbol stadionuna daxil olmaq və qadınlar üçün stadionda futbola baxmaq hüququ azərbaycanlı qadınlar tərəfindən coşqu ilə qarşılanıb. Belə ki, Traktor azarkeşi qadınlar üçün nəzərdə tutulan tutum tamamlanıb və çox sayda qadın stadionun girişində stadiona daxil olmağı tələb edib.

Stadiona daxil olmaq istəyən qadınların sayı həddindən artıq olduğu üçün ikinci mərtəbədəki stadionun üç hissəsi qadınlar üçün ayrılıb və bütün qadınlar stadiona daxil ola biliblər.

Stadiondan yayılan videolarda Traktorun qadın azarkeşləri kişi azarkeşlərlə birgə "Yaşasın Azərbaycan", "Azərbaycan var olsun, istəməyən kor olsun" şüarlarını səsləndiriblər.

Telegram platformasındakı bəzi xəbər kanalları Təbrizdə çoxlu sayda qadının avtobus olmaması səbəbindən Təbrizdəki futbol şurası binasının qarşısında gözləmək məcburiyyətində qaldığını bildirib. Traktorun qadın azarkeşləri stadiona getmək üçün ictimai nəqliyyatda nizamsızlığı tənqid ediblər.

Bəzi Telegram kanalları və Instagram səhifələri iddia edib ki, məsullar çox sayda qadın azarkeşlərin rəğbətini əngəlləmək məqsədilə çətinlik yaradıblar.

Bundan əvvəl Təbrizdə qadınların stadiona çox məhdud şəkildə daxil olmasına icazə verilmişdi. İranın bir çox şəhərlərində qadınların stadiona daxil olmasına icazə verilsə də, uzun müddət İran Azərbaycanında qadınlara bu imkan verilmirdi.

İran Azərbaycanının müxtəlif şəhərlərindən gələn türk qadınların bu oyunu həvəslə qarşılamasına baxmayaraq; oyun 1-4 hesabı ilə Zobahan komandasının xeyrinə başa çatıb.