Aİ, ABŞ və Ermənistan Brüsseldə üçtərəfli görüş keçirir

Aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.

Görüşdən əvvəl mətbuat konfransı keçirən liderlər Ermənistanın iqtisadi dayanaqlılığının gücləndirilməsi, tərəfdaşlığın dərinləşdirilməsi, demokratik islahatlara dəstək və humanitar məsələlərin gündəlikdə duran əsas məsələlər olduğunu vurğulayıblar.

Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında daha geniş tərəfdaşlıq gündəmini nəzərdən keçirəcəklərini deyən Ursula von der Leyen Aİ-nin növbəti dörd il ərzində Ermənistan iqtisadiyyatını gücləndirmək, xüsusən də kiçik və orta biznesi dəstəkləmək və mühüm infrastruktur layihələrinə sərmayə qoymaq məqsədi ilə 270 milyon avro məbləğində dəstək paketi ayıracağını deyib.

“Biz keçən ilin oktyabrında verdiyimiz Ermənistanla çiyin-çiyinə durmaq, eyni zamanda tərəfdaşlığımızın gələcəyinə baxışı müəyyənləşdirmək vədini yerinə yetiririk və bu gün müzakirə edəcəyimiz şey budur”, Ursula von der Leyen qeyd edib.

Avropa Komissiyasının prezidenti həmçinin Ermənistan Baş nazirinin demokratik islahatların aparılmasında göstərdiyi səyləri, Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün görülən tədbirləri alqışlayıb.

“Bu, Avropa İttifaqı ilə Ermənistan arasında dəyərlər və maraqların artan uyğunluğunu əks etdirir”, von der Leyen vurğulayıb.

SEE ALSO: Antoni Blinken İlham Əliyevə zəng edib

ABŞ dövlət katibi Antoni Blinken də Ermənistana dəstəyini ifadə edib və erməni xalqının demokratik və firavan gələcəyinə, eləcə də Cənubi Qafqazda sülhə və inteqrasiyaya sadiq olduqlarını bildirib.

Dövlət Katibi əlavə edib ki, ABŞ Ermənistana 65 milyon dollardan çox yardım göstərməyi planlaşdırır və bu investisiya ərzaq təhlükəsizliyi, rəqəmsal infrastruktur, enerji diversifikasiyası, ticarətin şaxələndirilməsi və Ermənistan Baş nazirinin müəyyən etdiyi digər prioritetləri dəstəkləyəcək.

Antoni Blinken

“Biz istəyirik ki, Ermənistan güclü, müstəqil dövlət kimi qonşuları ilə sülh şəraitində olan, regiona və dünyaya bağlı dövlət kimi öz yerini tutsun. Birləşmiş Ştatlar və Avropa İttifaqı hər ikisi bu səydə tərəfdaş olmaq istəyirlər və hesab edirəm ki, bugünkü görüş buna sübutdur”, Antoni Blinken mətbuat konfransında qeyd edib.

ABŞ-ın Ermənistan Baş nazirinin “Sülh yollarının kəsişməsi” layihəsini dəstəklədiyini deyən Dövlət katibi, yeni nəqliyyat marşrutları, enerji əməkdaşlığı və telekommunikasiya ilə daha inteqrasiya olunmuş Cənubi Qafqaz təsəvvür etdiklərini və bunun sülh və barışıq səylərini gücləndirəcəyini vurğulayıb.

Avropa İtttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Cozep Borrel də daha güclü və stabil Ermənistanın daha güclü və stabil Cənubi Qafqaz demək olduğunu və bütün region ölkələrinin bundan faydalanacağını deyib.

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Aİ və ABŞ-la ortaq dəyərlərə sadiq olduğunu, bugunkü yüksək səviyyəli dialoqun genişləndirilmiş tərəfdaşlığı ifadə etdiyini bildirib.

“İqtisadi əməkdaşlığın və ticarətin təşviqi səmərəli siyasi əməkdaşlığımızın əsasını təşkil edir. Biz Ermənistanın özəl sektorunun rəqabət qabiliyyətini artırmaq, yeni bazarlara çıxmaq və Avropa və Amerika şirkətlərini cəlb etmək üçün investisiya mühitini yaxşılaşdırmaq əzmindəyik”, Paşinyan vurğulayıb.

Ermənistan Baş naziri həmçinin 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq olduğunu əlavə edib.

SEE ALSO: Türkiyə Aİ-ABŞ-Ermənistan görüşü barədə narahatlıq ifadə edib

Aİ-ABŞ-Ermənistan görüşü hələ ötən ilin oktyabrında Avropa Siyasi Birliyinin Qranada sammiti çərçivəsində Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra elan edilib.

Ayrı-ayrılıqda həm ABŞ, həm də Avropa İttifaqı və Ermənistan yüksək səviyyəli görüşün üçtərəfli əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini və heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini bildirir.

Prezident İlham Əliyev: “Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır”

Rəsmi Bakı konfransla bağlı ciddi narahatlıq ifadə edərək onun tam şəffaf şəkildə keçirilmədiyini, regional inklüzivlikdən məhrum olduğunu və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya zidd olduğunu vurğulayır.

Azərbaycan prezidenti İlham Əliyev aprelin 5-də Aİ, ABŞ və Ermənistan arasındakı üçtərəfli görüşə toxunaraq vurğulayıb ki, “Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır”.

“Halbuki son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd etdi ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür”, prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə baş tutan görüşündə qeyd edib.

Aİ, ABŞ və Ermənistan arasındakı üçtərəfli görüşlə bağlı Azərbaycanla yanaşı Türkiyə və Rusiya da narazılıq ifadə edib.