İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin aprelin 2-də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin bölgədə gərginliyi artırdığını deyib.
Bu barədə İtaliyanın “Giornale Diplomatico” nəşri İtaliya Xarici İşlər Nazirliyinə istinadla yazır.
Edmondo Çirielli bildirib ki, tərəflərdən başqa qurumların nümayəndələrinin hər hansı qeyri-məqbul bəyanatı gərginliyi daha da gücləndirmək riski daşıyır.
“Fransanın xarici işlər naziri Stephane Sejurnenin bəyanatları, əlbəttə ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Nazir Sejurnenin bölgədə davamlı sülh üçün sağlam düşüncə ilə çalışan bir çox insanın səylərinə zərər verməməsi məqsədəuyğun və faydalı olardı”, Çirielli əlavə edib.
Aprelin 2-də Parisdə ABŞ Dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransı keçirən Fransa xarici işlər naziri Stefan Sejurne Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə ittiham edib.
“Biz bu gün Ermənistanın Azərbaycan tərəfindən təhdid edilən ərazi bütövlüyü barədə danışdıq. Onu da deyim ki, Azərbaycanın ritorikasının nəzarətdən çıxması bizi nə dərəcədə narahat edir. Biz Bakıdan Ermənistanı eskalasiyada günahlandıran külli miqdarda saxta xəbərlər gəldiyini görürük”, Stefan Sejurne vurğulayıb.
Rəsmi Bakı isə cavab olaraq Fransanı bölgədə gərginlik yaratmaqda və sülh prosesinə mane olmaqda günahlandırıb.
Fransanı Azərbaycanın “imicinə xələl gətirmək məqsədi güdən” çağırışlardan çəkinməyə çağıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə qeyd edib ki, “Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir”.
Parisdəki mətbuat konfransında Azərbaycan-Ermənistan məsələsi ilə bağlı heç bir şərh verməyən ABŞ Dövlət katibi Antoni Blinken aprelin 3-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
“Katib Blinken və Prezident Əliyev Azərbaycan və Ermənistan arasında bütün regiona iqtisadi fayda gətirəcək sülh prosesinin inkişaf etdirilməsinin vacibliyini müzakirə ediblər. Dövlət katibi sərhəddə gərginliyin artmasına heç bir əsasın olmadığını vurğulayıb və xəbərdarlıq edib ki, hər hansı tərəfin aqressiv hərəkətləri və ritorikası sülh perspektivlərini sarsıdacaq”, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ənənəvi brifinqdə deyib.
Sözçü əlavə edib ki, Dövlət katibi həmçinin Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.
Telefon danışığı ilə bağlı rəsmi Bakının məlumatında isə qeyd edilir ki, ABŞ Dövlət katibi aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfində narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.
Məlumatda həmçinin bildirilir ki, Antoni Blinken sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.