Aprelin 4-də Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü keçirilir.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının yüksək rütbəli şəxsləri iştirak edir.
Baş Prokuror Kamran Əliyev bildirib ki, Xəzər dənizi sahil dövlətlərinin ortaq dəyəridir, tarixən sahilyanı dövlətlərin xalqlarının inkişafında öz rolunu oynayıb.
O deyib ki, Xəzərin təbiətinin mühafizəsi, biomüxtəlifliyinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi sahil dövlətlərinin mənəvi borcudur.
"Əminəm ki, bu gün aparılacaq qarşılıqlı müzakirələr regionumuzda ətraf mühitin mühafizəsi, ələlxüsus da cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi baxımından faydalı olacaq, bu sahədə gələcək əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək", o qeyd edib.
Kamran Əliyevin sözlərinə görə, Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
O bildirib ki, cari ilin noyabr ayının 11-dən 24-dək Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycan ev sahibliyi edəcək.
"Bu mötəbər tədbir çərçivəsində ölkəmizin Baş Prokurorluğu tərəfindən iqlim fəaliyyətində hüquq-mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiyanın təşkili planlaşdırılır. Azərbaycan Baş Prokurorluğu Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində Xəzəryanı dövlətlərin əməkdaşlığını dəstəkləyir", o qeyd edib.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Amerikanın Səsinə deyib ki, Xəzər akvotoriyasında ekoloji hüquqpozmalar kifayət qədər çoxdur.
Your browser doesn’t support HTML5
"Son iki ayda Azərbaycanda hasilat sənayesində Xəzərdə hüquqpozmalar qeydə alınmayıb. Bu da yəqin ki, COP-29-la bağlıdır. Ümumilikdə Xəzəryanı dövlətlərin hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin dəniz suyuna, havaya və torpağa vurduğu çoxlu ekoloji fəsadlar var. Dəfələrlə neft platformalarında lay sularının dənizə atılması barədə faktları diqqətə çatdırmışam", o qeyd edib.
Qəhrəmanlı hesab edir ki, apardıqları monitorinqlərin nəticələri olmur. Belə ki, sadəcə ekoloji hüquqpozmalara görə cərimələr tətbiq edilir.
"Amma problemlərin aradan qaldırlması üçün tədbirlər görülməlidir. Bu tədbirlər görülmür".
O hesab edir ki, ümumilikdə dəniz suyunun və dənizə tökülən çay sularında ekoloji durumu aşağıdır.
"Xəzərə tökülən çaylar sahilboyu ölkələrdəki sənaye, faydalı qazıntı tullantıları ilə, dəniz isə lay suları, gəmilərin kanalizasiya suları və digər tullantılarla çirklənir. Bunlar isə dənizdəki flora və faunaya ciddi təsirlər edir. Bir qədər əvvəl su itilərin və dəniz quşlarının kütləvi ölümləri faktları qeydə alınmışdı", o qeyd edib.
Qəhrəmanlılnın sözlərinə görə, dənizdə ekeoloji pozuntuların qeydə alınması və aradan qaldılması məqsədi ilə sahil dövlətlərinin mütəxəssislərindən ibarət monitorinq qrupu yaradılmadılır.
"Qabaqlar dənizdə elmi laborotoriyaları olan gəmilər fəaliyyət göstərirdi. Burada həmçinin kosmik peyklər və dronlarla müşahidələr aparılmalıdır. Ekoloji pozuntularla bağlı dövlətlərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edilməldir", o belə düşünür.