Azərbaycan və Rusiya regiondakı cari durumu müzakirə edib

Ceyhun Bayramov və Pavel Knyazev (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevi qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə regionda cari vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin regional və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Bir sıra beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri ətrafında müzakirə aparılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh və quruculuq səylərindən bəhs edən nazir Bayramov sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımların, o cümlədən “regiondan uzaq yerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya etmək cəhdlərinin prosesə maneə törətdiyini” vurğulayıb.

“Bu istiqamətdə, cari ilin 5 aprel tarixində keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransının bu cür qeyri-şəffaf və inklüziv olmayan mühitdə təşkili ilə bağlı ölkəmizin mövqeyinin, habelə bu kimi təşəbbüslərin revanşist əhval-ruhiyyənin hökm sürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlı narahatlıqlarımızın aydın şəkildə ifadə olunduğu vurğulanıb. Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin regional sülh və sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmək əzmində olduğu diqqətə çatdırılıb”, məlumatda qeyd edilir.

Aprelin 5-də Brüsseldə Dövlət katibi Antoni Blinken, USAID-in rəhbəri Samanta Pauer, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü barədə Azərbaycanın mövqeyini rəsmi Vaşinqton qəbul etmir.

Martın 27-də ənənəvi brifinqdə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, aprelin 5-də keçiriləcək görüşdə əsas diqqət Ermənistana öz ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə kömək etmək üçün iqtisadi dayanıqlığa yönəldiləcək.

“Mən başa düşmürəm ki, niyə bu, hər hansı ölkə üçün problem olmalıdır”, Metyu Miller qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüşün üçtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəldiyini və heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini bildirib.

“Azərbaycanın erməni tərəfini regionda sabitliyi pozmaqda və danışıqlar prosesində qeyri-konstruktiv davranmaqda ittiham etməsinə gəlincə, bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanla artıq razılaşdırılmış prinsiplər əsasında dərhal sülh müqaviləsinin imzalanmasına, sərhədlərin delimitasiyasına və regional kommunikasiyaların açılmasına hazırdır” - deyə, o bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçən həftə “Armenress” agentliyinə aprelin 5-də Brüsseldə Aİ, ABŞ və Ermənistan arasında planlaşdırılan görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın aspektlərinin müzakirə olunacağının gözlənildiyini bildirib. Armen Qriqoryan danışıqların Ermənistanın müqavimətinin gücləndirilməsi məqsədi daşıdığını deyib və yaxın gələcəkdə görüşlə bağlı daha ətraflı danışmaq imkanı olacağını qeyd edib.