ABŞ Azərbaycanın COP29-a sədrliyini çox güclü şəkildə dəstəkləyir.
Bu barədə ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt (Geoffrey Pyatt) jurnalistlər üçün brifinq zamanı Turan Agentliyinin sualını cavablandırarkən bildirib.
O, brifinqdə Hyustonda keçirilən ən böyük enerji konfransı yekunlarına toxunub.
"Hyustonda energetika nazirinin müavini ilə çox yaxşı danışıqlarımız oldu. Həmçinin, bir neçə həftə əvvəl energetika naziri özü burada, Vaşinqtonda olanda əla müzakirələrimiz keçdi. ABŞ tərəfindən Azərbaycanın COP29-a sədrliyini qətiyyətlə dəstəklədiyini vurğuladım”, Cefri Pyatt qeyd edib.
Cefri Pyatt ABŞ-nın BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28 gündəliyinin davamı üçün hazırladığı "Troika" mexanizmini dəstəklədiyini vurğulayıb
"Mən enerji sistemimizin ekologiyalaşdırılması ilə əlaqədar məsələlərə fokuslanmışam və dünyanın istifadəsinə davam etmək niyyətində olduğu qazıntı yanacağının iqlim üçün daha az zərərli üsulla hasil olunmasının təmin olunması üzərində çalışıram, bu isə metan tullantıları ilə mübarizə səylərimizin davamı deməkdir - biz Prezident İlham Əliyevin Azərbacanın "Qlobal Metan Vədi"nə sadiqliyi barədə bəyanatını çox dəstəkləyirik və bu yaxınlarda regionda Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi "Qlobal Metan Vədi"ni imzalamış ölkələrdən daxil olan metan və səmt qazının daha çox hasilatı üçün imkanları araşdırmaq məqsədilə hazırda Xəzər dənizində aktiv fəaliyyət göstərən bp, "Chevron" və "ExxonMobile" kimi şirkətlərlə çalışırıq", o bildirib.
“İnanıram ki, Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərlə ABŞ-nin növbəti COP-da, daha sonra 2025-ci ildə Braziliyada əldə etməyi nəzərdə tutduğu hədəflər arasında yüksək dərəcədə uyğunluq var”, ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi deyib.
"Rusiyanın enerji infrastrukturunu hədəfə almaqla Ukraynadan nə edəcəyini gözləyirsiniz" sualının cavabında ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Rusiyanın Ukraynada müharibəsini Vladimir Putinin "fəlakətli strateji" uğursuzluğu adlandırıb.
Onun sözlərinə görə, bu, "özü-özünə ziyan vurmanın ən böyük tarixi nümunələrindən biridir".
"Rusiya enerji bazarı kimi Avropanı itirdi və Avropa bir daha Rusiyaya etibarlı enerji təchizatçısı kimi baxmayacaq", o bildirib.
Onun fikrinə görə, Ukrayna iqtisadiyyatı kardinal şəkildə Qərbə yönəlib: "Bu gün Ukrayna əvvəllər öz müstəqilliyi dövründə olduğundan daha çox birləşib. Ukraynanın Avropa İttifaqı üzvlüyünə aydın yolu var, NATO isə Putinin təcavüzünə qədər olduğundan daha güclü və daha böyük oldu".
"Bu müharibə tarixə Vladimir Putinin müstəsna strateji uğursuzluğu kimi düşəcək", o deyib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək.
Konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Konfransın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.