İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində BMT-nin İqlim Dəyişikliyi Konfransının Bakıda keçiriləcək sessiyasının ölkənin maliyyə bazarına təsirlərindən danışıb.
Amerikanın Səsi: BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyası (COP29) 2024-cü ilin noyabrında Bakıda keçiriləcək. Bu tədbirin keçirilməsinin maliyyə mənbələri müəyyən edilibmi? Tədbirin keçirilməsinin maliyyə tutumu nə qədər təxmin edilir?
Natiq Cəfərli: Bundan öncəki tədbirləri incələyərkən gördük ki, həm sponsorların iştirakı olub, həm BMT-nin müəyyən proqramlarından vəsaitlər ayrılıb. Amma qəbul edən ölkə xərclərin böyük bir hissəsini özü üzərinə götürüb. Təəssüf ki, bundan öncəki iki tədbirin büdcəsi ilə bağlı açıq mənbələrdə məlumat yoxdur. Amma, daha öncəki tədbirlərə baxanda, ən ucuz tədbir keçirilən zaman ən azı 300 milyon dollara yaxın vəsaitin xərcləndiyi ilə bağlı açıq mənbələrdə məlumatlar var. Amma, son tədbirlə bağlı belə məlumatlar yoxdur. Çünki tədbirin keçirildiyi ölkə daha açıq məlumat verməkdə o qədər də maraqlı deyildi. Ona görə də Azərbaycanla bağlı da hələ büdcənin ümumi məbləği məlum deyil. Amma, bundan öncəki tədbirləri, Azərbaycanda keçirilən böyük və beynəlxalq əhəmiyyətli tədbirləri nəzərə alsaq, ölkənin və Bakı şəhərinin infrastrukturunu nəzərə alsaq Azərbaycanın qəbul edən ölkə kimi böyük məbləğ xərcləməyə məcburiyyəti yaranacaq. Ən azı təqribən 800 milyondan 1 milyard dollara yaxın vəsaitdən söhbət gedir. Amma, bu vəsaitin dəqiq məbləğini təbii ki, hökumət orqanları bilir. Çox yaxşı olardı ki, tədbirin büdcəsi ilə və büdcənin maliyyə mənbələri ilə bağlı öncədən məlumat verilsin. Çünki Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində beynəlxalq tədbirlərlə bağlı bənd var. Beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı maliyyə yardımları ayrılacaq. Orada söhbət təqribən 200 milyon manat vəsaitdən gedir. Amma, bu vəsaitin hansı tədbirlərə və hansı isatiqamətə xərclənməsi ilə bağlı məlumat yoxdur.
Amerikanın Səsi: COP29-a yönəldiləcək maliyyə vəsaiti ölkənin maliyyə bazarında hansı müsbət və mənfi tendensiyalar yarada bilər?
Natiq Cəfərli: Bundan öncəki tədbirlərin praktikası göstərir ki, ölkə iqtisadiyyatında müsbət tendensiyalar da yarada bilir. Çünki çoxlu sayda qonaqların gəlməsi həmin ölkənin turizm potensialına, tanıtımına və gələcəkdə o tanıtımdan çıxış edərək ölkəyə daha çox qonaqların qəbul olunmasına səbəb olur. Bundan başqa tədbir zamanı ən azı iki həftəlik dövrdən söhbət gedir. Çünki bunun rəsmi tərəfi və müzakirələrin keçirildiyi dövr var. Gələn qonaqların sayını da nəzərə alsaq ölkə iqtisadiyyatında müsbət dinamika da yarada bilər. Yəni insan sayının artması, gələn qonaqların sayının artması ilə əlaqəli xidmət sahəsində, turizmi obyektlərində, ictimai iaşə müəssisələrində müəyyən gəlirlərin artımını da görərik. Amma, təbii ki, mənfi tərəfləri də var. Dediyim kimi indiki büdcədə bunun üçün əlavə bir vəsait nəzərdə tutulmayıb. Ən azından bunun mənbələri açıq göstərilməyib. Deməli əgər daha çox vəsait xərclənməli olsa digər mənbələrə ayrılmış vəsaitlərin kəsilməsinin və COP29-un keçirilməsinə yönəldilməsinin də şahidi ola bilərik. Bu da digər layihələrin axsamasına səbəb ola bilər.
Amerikanın Səsi: COP29 tədbirləri zamanı Azərbaycana 70-80 min, hətta 100 mindədək insanın gələcəyi bildirilir. Bu qədər insanın birdən qəbulu üçün şərait mövcuddurmu? Bu insanların xarici valyutalarda ölkəyə gətirəcəkləri vəsaitin milli valyutaya təzyiqləri necə ola bilər?
Natiq Cəfərli: Praktikada belə görünür ki, bu bir dəfəyə gələn qonaq sayı deyil. Ən azı iki-üç həftə müddətində gələcək qonaqların sayıdır. İnfrastruktur olaraq Bakı şəhəri böyük problemlərlə üzləşə bilər. Bakı şəhərində hotellərdəki yataq yerlərinin ümum sayı 11-12 min civarındadır. Gələn qonaqların 80 min, hətta 100 min olacağını nəzərə alsaq, qonaqlar eyni anda gəlsə təbii ki, hotellərin qonaqların hamısını qəbul etməsi və yerləşdirməsi ilə bağlı problem yaşanacaq. Öncəki təcrübədən çıxış edərək deyə bilərik ki, qonaqların bir hissəsinin Avropa oyunları zamanı tikilən Atletlər kəndində yerləşdirilməsi ilə bağlı qərar verilə bilər. Bundan başqa əhalinin özü üçün də müəyyən kiçik biznes imkanları yaranar. Digər ölkələrdə əvvəl keçirilmiş tədbirlərdə də görmüşdük, insanların öz mənzilini icarə verməsi üçün beynəlxalq platformalar var. Azərbaycan vətəndaşları da həmin müddət ərzində, imkanı olanlar şəhərin mərkəzində və mərkəzə yaxın yerlərdə öz mənzilini sutkalıq kirayəyə verib vəsait qazanmaq imkanları var.
Amerikanın Səsi: Son zamanlar artıq valyuta bazarında COP29 tədbiri ilə bağlı reaksiyalar hiss edilir. Valyuta tələbatının bir neçə dəfə artığı bildirilir. Devalvasiya dalğası yarana bilərmi?
Natiq Cəfərli: Bu birbaşa COP-la əlaqəli olmasa da, amma dolayısı ilə COP29-zun da təsirləri olacaq. Bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycanda inzibati qaydada tənzimlənən məzənnə rejimidir. Bizdə məzənnənin tənzimlənməsi üçün bazar iqtisadiyyatı institutları yoxdur. Yəni, bu siyasi qərarla olur. Məzənnə məsələsində siyasi qərarla 2015-ci ildə üç pilləli devalvasiyanın şahidi olduq. On il, 2005-2015-ci illərdə sabitlik dövrü var idi. Nə qədər təsadüf də olsa, üs-üstə düşsə də 2025-ci ildə növbəti on illik sikl bitir. Yəni on ildir yenə Azərbaycan manatı 1.70 manat səviyyəsində sabit saxlanılır. Hamıya da məlumdur ki, bu uzun müddət saxlanıla bilməz. Yəni bir müddətdən sonra manatın məzənnəsi ilə bağlı addımların atılmasına ehtiyac yaranacaq. Həm də ona görə ki, Azərbaycanda neft hasilatı kəskin düşür. Hasilatın pik dövrü bizdə 2011-2012-ci illərdə idi. Az qala bir milyon barrelə yaxın neft hasil edirdik. Keçən il neft kondensatı ilə birgə hasilat 700 min barrelə çatmadı. Bu il daha da aşağı düşməsi gözlənilir. Yəni hasilatın düşməsi əlavə neft gəlirlərinin daxil olmasını azaldır. Valyutaya tələbat isə getdikcə artır. Çünki istehlak artır. Keçən il də gördük ki, istehlak məqsədi ilə valyutanın ölkədən çıxması daha da çoxalıb. Yəni, bunların hamısını üst-üstə gəlsək bu ilin sonunda və ya gələn il inflyasiya və devalvasiya ilə bağlı addımlarda COP29-un bir təsdiqləyici rolu ola bilər. Amma, COP29-un birbaşa təsiri yoxdur. Bu o deməkdir ki, istənilən halda COP29 olsa da, olmasa da yaxın illərdə devalvasiya ilə bağlı, manatın məzənnəsi ilə bağlı yeni qərarların qəbul olunması gözləniləndir.
Forum