Təbrizin diskvalifikasiya edilmiş millət vəkili Əhməd Əlirzabeygi bu yaxınlarda “Khabaronline” saytına müsahibə verib və müxtəlif mövzular, o cümlədən onun Nəzarət Şurası tərəfindən seçkilərdən kənarlaşdırılmasının səbəbləri, Təbriz əhalisinin seçkilərdə olduqca az iştirak etməsi və İran İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinejadın seçkilərə yanaşma tərzini müzakirə edib.
Müsahibədə o, Məhsa Əmininin ölümü və həmçinin əxlaq polisi ilə əlaqədar şərhlər verdiyinə görə diskvalifikasiya olunduğunu söyləyib. O həmçinin əxlaq polisinin islahatçılar, fundamentalistlər və polis üçün “çörək ağacına” çevrildiyini bildirib. Deputatın Məhsa Əmininin ölümü ilə bağlı hadisələr haqda şərhləri Nəzarət Şurası tərəfindən “sistemin maraqlarına zidd addım” kimi qiymətləndirilib.
Şərqi Azərbaycan vilayətinin sabiq valisi Əlirzabeygi seçkilərdə xalqın iştirakı haqda da danışıb. Onun sözlərinə görə, xalq seçkilərin faydasız olduğu qənaətinə gəlib və buna görə də seçkilərdə iştirak etməyib. Əlirzabeyginin sözlərinə görə, insanlar “ölkənin idarəçiliyi vəziyyətində və xarici ölkələrlə əlaqələrdə dəyişikliklərin” parlament və parlament seçkilərində səsvermə yolu ilə baş verəcəyini gözləmirlər.
Son seçkilərdə parlamentdə 6 millət vəkili yeri olan Təbriz şəhərinin seçkiləri ikinci tura qalıb. Bunun əsas səbəbi seçici fəallığının olduqca az olması ilə əlaqələndirilir. Birinci turda parlamentə cəmi iki nümayəndə daxil ola bilib - Məsud Pezeşkiyan və Ruhullah Mütəfəkkirazad.
“Xalqın az iştirak etməsi və etibarsız səslərin çoxluğu səbəbindən Təbrizdə seçkilər ikinci tura qaldı. Təbrizin bu seçkilərdə iştirakının 22-23%-dən az olduğu deyilir,”Əlirzabeygi bu məqamlara və Təbriz əhalisinin seçkilərdə aşağı fəallıq göstərdiyinə toxunaraq deyib.
Onun təbrizlilərin son seçkilərdə iştirakı ilə bağlı gətirdiyi rəqəm Təbriz merinin elan etdiyi rəqəmdən aşağıdır. Təbriz meri Təbrizdə 29% seçici fəallığından bəhs etmişdi.
Bütün ölkə üzrə seçki fəallığı nisbətinə gəlincə, o, Daxili İşlər Nazirliyinin açıqladığı 40% seçici fəallığı göstəricisini təkrarlayıb. Lakin o deyib ki, “15% etibarsız səs verilib və bu isə əlavə olursa, əhalinin 75%-nin seçkilərdə iştirak etmədiyi ortaya çıxır.”
Təbrizin sabiq deputatı Əhməd Əlirzabeygi İranın keçmiş prezidenti Mahmud Əhmədinejada yaxın şəxslərdən biridir. Əhmədinejad hazırda rejimin siyasətlərinə tənqidi yanaşmasına görə siyasətdən uzaqlaşdırılıb. Onun səsvermənin son saatlarında seçki dairəsinə gedib səs verməsi şübhələrə səbəb olub. Bununla bağlı Əlirzabeygi Əhmədinejadın “özünü ittihamlardan təmizə çıxmaq üçün” səs verdiyini deyib.
Diskvalifikasiya edilmiş deputatın sözlərinə görə, “Əhmədinejadın hazırda İslam Respublikasından sonrakı dövrdə gözü olduğuna dair iddialar irəli sürülür və o özünü bu ittihamdan təmizləmək üçün səs verib.”