Accessibility links

İranın keçmiş prezidentinin İsrail-HƏMAS müharibəsi ilə bağlı susması ölkədə müzakirələrə yol açıb


İranın sabiq prezidenti Mahmud Əhmədinejad
İranın sabiq prezidenti Mahmud Əhmədinejad

İran İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinejadın HƏMAS və İsrail arasındakı münaqişə ilə bağlı susması İran mediası və siyasi dairələrində ciddi tənqid olunub.

Həmas və İsrail arasında qarşıdurma başlayandan sonra İranda siyasi fiqurlar mesajlar verməklə İran İslam Respublikasının Qəzza ilə bağlı mövqeyini vurğulayıb təkrarladılar. Belə ki, hətta reformist cərəyanın öncüllərindən hesab edilən İslam Respublikasının keçmiş prezidenti Məhəmməd Xatəmi də öz müşavirləri arasında etdiyi çıxışda “Fələstin müqavimətinin” İsrailə qarşı qəfil hücumunu yetmiş ildən sonra “Fələstin xalqı üçün böyük nailiyyət” hesab etdiyini deyib və bunu regionda qüvvələr balansının pozğulduğunun əlaməti adlandırıb.

Məhəmməd Xatəmi bir çoxları tərəfindən İranda islahatçı hərəkatının lideri kimi tanınır və hazırda onun üçün media məhdudiyyətləri var və onun siyasi fəaliyyəti məhdudlaşdırılıb.

Bununla belə, prezidentliyi dövründə İsrailə qarşı çox sərt mövqelər sərgiləyən Mahmud Əhmədinejad HƏMAS və İsrail arasında münaqişəyə münasibət bildirməyib. Bu, fundamentalist hərəkata yaxın siyasi xadimlər və onun köhnə dostları tərəfindən ona qarşı tənqid dalğasına səbəb olub.

Ölkədəki fundamentalist siyasi cərəyanın ən radikal media orqanlarından biri kimi tanınan “Kayhan” qəzeti yazıb ki, “Ölkəmizin keçmiş prezidenti, bütün şöhrətini İsrailin məhvi şüarına borclu olan cənab Əhmədinejad bu gün komaya düşüb və Fələstindəki ən böyük hadisə ilə bağlı səssiz qalıb.”

Sabiq prezident Əhmədinejada irəli sürülən tənqidlər təkcə fundamentalist fiqurlar və medialardan yönəlməyib. Reformistlərə yaxınlığı ilə bilinən Məhəmməd Quçani televiziyada canlı yayımlanan proqramda Məhəmməd Xatəmi, Həsən Ruhani və Seyid Həsən Xomeyninin Fələstinə dəstək verdiklərini bildirərək, Mahmud Əhmədinejadın səssiz qaldığına tənqidi yanaşıb.

Mahmud Əhmədinejada qarşı tənqidlər arasında Təbrizin parlamentdəki millət vəkili və Əhmədinejada yaxınlığı ilə tanınan Əhməd Əlirzabeygi X (keçmiş Twitter) hesabında paylaşım edərək onu müdafiə edib. “Məsləhət Şurasının üzvü olan Əhmədinejadın pasportu müsadirə olunur və onun terroruna və boykot edilməsinə zərrə qədər reaksiya vermirlər, ona heç bir tribuna vermirlər, rəqiblərinin ona təxribat kampaniyası aparmasına imkan verirlər və Əhmədinejadın susqunluğunu pozmasını gözləyirlər,”millət vəkili Əlirzabeygi yazıb.

İran mediasının Əhmədinejadın keçmiş müşaviri kimi qeyd etdiyi fundamentalist cərəyana yaxın siyasətçi Əbdülrza Davəri Təbriz millət vəkilinin paylaşımına reaksiya verib. Davəri Əhmədinejadın susqunluğunu tənqid edərək yazıb ki, “Əhmədinejadın adamları onun Qəzza hadisəsində susduğunu deyirlər, çünki rejim ona tribuna vermir və Qvatemalaya səfər etməsinə mane olur. Bu adamlar unudublar ki, ən çox Məhəmməd Xatəmiyə məhdudiyyətlər və qadağalar qoyulub, lakin o, İsrailə qarşı Qəzzanı kişi kimi müdafiə edib. Əsl və saxta şəxsiyyət arasındakı fərq budur.”

İran İslam Respublikasının siyasi xadimləri arasında Qəzza və İsrail münaqişəsində kiçik də olsa fikir ayrılıqlarının olduğu görünsə də, bəziləri hesab edir ki, İran cəmiyyətinin Fələstin-İsrail məsələsinə münasibəti İran hökumətindən ciddi şəkildə fərqlənir. İran parlamentində Təbrizin keçmiş nümayəndəsi və reformist cərəyana yaxın olan Əkbər Ələmi özünün Telegram kanalında yazdığı qeyddə İran cəmiyyətinin Fələstin və İsrail məsələsinə münasibətinin 79-cu il inqilabından əvvəlki dövrlə müqayisədə fərqli olduğuna diqqət çəkib.

Keçmiş Təbriz millət vəkili Əkbər Ələmi
Keçmiş Təbriz millət vəkili Əkbər Ələmi

Əkbər Ələmi inqilabdan əvvəl İran cəmiyyətinin Fələstin xalqına daha çox simpatiya duyduğuna, indi isə xalqın tamamilə tərs mövqeyinə işarə edib. Ələmi irəli sürdüyü iddianı izah edərkən sosial şəbəkələrdə iranlı istifadəçilərin paylaşımlarının məzmunu, həmçinin Tehranda Premyer Liqa oyunu zamanı Fələstin bayrağına qarşı mənfi şüarların səsləndirilməsini qeyd edib.

O, İran xalqının illər ərzində Fələstin-İsrail münaqişəsinə münasibətinin dəyişməsinin iki səbəbini irəli sürüb. Təbrizin keçmiş millət vəkili və namizədlikdən diskvalifikasiya edilən Ələmi “hakimiyyətin ideoloji mahiyyəti”, “hakimiyyətdə olanların din adı altında xalqın mənəvi və dəyərləri əvəzinə öz dəyər və inanclarını zorla tətbiq etmək cəhdi” və “hakimiyyətin öz xalqına və Fələstinə və digər müsəlmanlara qarşı çoxsaylı fərqli və ayrı-seçkilik davranışları” kimi amilləri İranda cəmiyyətin illər ərzində Fələstin-İsrail münaqişəsinə münasibətinin dəyişməsinə əsas səbəb olaraq qeyd edib. Ələmi hakimiyyətin bu siyasətləri nəticəsində xalqla hakimiyyət arasında uçurumun daha da dərinləşdiyini hesab edir.

Forum

XS
SM
MD
LG