Süheyla Əzizi: İran İslam Cümhuriyyəti bilir ki, əgər qadın azad olsa, bütün toplum azad olacaq

Süheyla Əzizi, siyasi fəal

Siyasi fəal Süheyla Əzizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə Amerikanın Səsinə verdiyi müsahibədə deyir ki, İran İslam Respublikası hakimiyyətinin ilk illərindən etibarən öz istibdadını gücləndirmək üçün qadınları təzyiq və kontrol altında saxlamağı zəruri hesab etmişdir.

“İslam Cümhuriyyəti nədən bu qədər israr edir ki, qadının bədənini necə örtməsinə bunlar qərar versin? Çünki istibdadın əsası budur ki, qadını təmkinli və itaətkar olmağa məcbur etsin ki, qadın istibdada baş əysə, toplum da istibdada baş əyəcək,” siyasi fəal söyləyir.

İran höküməti keçən ildən bəri qadınların geyim və davranışına nəzarəti gücləndirmək üçün daha aqressiv siyasətlər tətbiq etməyə başlayıb. Süheyla Əzizinin fikrincə, hökümət 2022-ci ildə qadınların liderliyində baş verən geniş etirazları öz hakimiyyət əsaslarına təhlükə hesab etdiyi üçün qadına qarşı basqıları şiddətləndirib.

Your browser doesn’t support HTML5

Süheyla Əzizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə Amerikanın Səsinə danışıb

“İslam Cümhuriyyəti bilir ki, əgər qadın özgür olsa, toplum özgürləşəcək. Onun üçündür ki, qadının üstündə bu qədər basqı yaradır, qadına bu qədər basqı yaşadır. 2022 etirazlarından bunun hakimiyyət əsaslarına bir qorxu gəlib. Buna görə, artıq çalışır ki, toplumu bir-birinin canına salmaq və toplumu qadının canına salmaqla vəziyyəti nizama salsın və tam bağlı bir toplum yaratsın, tam itaətkar bir toplum ki, onun sözündən çıxmasın.”

SEE ALSO: Türkan Bozqurt: İranda hicaba nəzarət üçün atılan addımlar sosial birliyin pozulmasına səbəb olar

Siyasi fəalın sözlərinə görə, “toplumu tərbiyə vəzifəsi qadının üzərində olduğu üçün, qadın təmkinli və itaətkar olsa, evdə və eşikdə başqaları tərəfindən yönləndirilməyi və qorunmağı qəbul etsə, toplumu da o şəkildə tərbiyə edədək. Yəni, bu siyasətin təməlində istibdad yatır. Ona görədir ki, İslam Cümhuriyyəti qadın məsələsini idarə etməyə bu qədər önəm verir. Elə ki, bəzən biraz açır, bəzən biraz bağlayır. Məsələn, seçkilər vaxtı qadınları biraz azad buraxır. Seçkilər bitincə, yenə qadından bir şeytan düzəldir ki, qadın təhrik edici amildir və kişiləri yoldan çıxarır.”

Siyasi fəal İranda məcburi hicab və qadın məsələsinin siyasətin müxtəlif aspektləri və qatlarında təsirli olduğunu vurğulayır.

SEE ALSO: Qasım Boedi: İran hakimiyyəti ‘Əmr bil-məruf’ prinsipi ilə vətəndaş qarşıdurması yaradır

“Bu sistem hər şeyi bağlayıb qadına və qadının hicabına. Məsələn, İslam Cümhuriyyəti hökümətində olan kişilərin hər biri yüksək yerlərə çatmaq üçün birinci dərəcədə qadınlarını və qızlarını məhdud edirlər. Yəni, o qadının hicabı ilə o ağa, o yüksək vəzifələrə gələ bilir və özünə karyera düzəldir... Hətta assimilyasiya siyasətində, məsələn dil assimilyasiyasında da həmişə qadınlardan istifadə edirlər. Öncə çalışırlar ki, qadınların üstündə işləsinlər ki, onun kimliyini əlindən aldıqdan sonra qadının tərbiyə etdiyi o toplumun kimliyini əlindən alsınlar,” deyə Süheyla Əzizi əlavə edib.