Hüquqşünas Sina Yusufi Amerikanın Səsinə müsahibədə hazırda Təbrizdə saxlanılan siyasi fəalların məhkəmə işi, eləcə də İran İslam Respublikasının "Hicab və İffət" layihəsinin qanuniləşmə prosesi və qadınların hicab məsələsi ilə əlaqədar uğradığı təzyiqlər haqqında danışıb.
Sina Yusufi həftələrdir Təbrizdə nəzarətdə saxlanılan siyasi fəalların işinin hələ rəsmi olaraq məhkəmə qurumuna verilmədiyini bildirib.
"Bu fəallar 50 gündən artıqdır tutulublar. Onlar həbsxanada deyil, Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlanılır. Bu göstərir ki, sorğu-sual altındadırlar və bunların həbs edilməsi üçün dəlil axtarılır," Yusufi deyib.
O, İslam Respublikasının öz qanunlarına da riayət etməyərək fəalları öncə saxlayıb, sonra dəlil axtardığını önə çəkib:
"Görünür ki, İslam Cümhuriyyəti öz qanunlarına riayət etmir. Öz qanunları deyir ki, saxlamaq üçün öncə dəlil əldə olmalıdır. Ancaq, bunlar, öncə tutur sonra dəlil axtarır. Yəni, uzun müddət sorğu-sual edirlər ki, dəlil əldə etsinlər. İndi dəlili axtarmaq mərhələsindədirlər. Buna görə, demək olar ki, bu dosye hələ rəsmi olaraq məhkəmə sisteminə keçməyib. Buna görə, heç bir şəkildə bir vəkil fəalların müdafiə üçün bu işə daxil ola bilmir. Keçən günlərdə də ailələrə deyilib ki, bunlar hələ nəzarətdə olacaqlar, çünki danışmırlar. Yəni ki, etiraf etmirlər."
Bu yaxınlarda İranda Konstitusiyanı Qoruma Şurası daha əvvəl İran Parlamentində qəbul edilmiş "Hicab və İffət" qanununu bəzi maddələrdə islahat aparılması tələbi ilə yenidən məclisə göndərib.
Sina Yusufinin sözlərinə görə, Konstitusiyanı Qoruma Şurasının parlamentdə hazırlanan qanuna etirazı mahiyyətlə deyil, forma ilə bağlı bir etirazdır. Yusufi qısa zamanda şuranın tələb etdiyi islahatın həyata keçirilib və qanunun icraya qoyulacağını ifadə edib.
"Daha öncə hicabla əlaqədar tətbiq edilən cəzalar layihələr çərçivəsində olurdu və qanuni əsası yox idi... məsələn məhkəmə sistemi ilə vəya bir bölgənin prokurorluğu ilə polis arasında hicab qaydalarına əsaslanan ortaq layihələr olur. Bunlar qanun formasında olmur. Bunun qanun olması ilə birlikdə basıqlar daha sistematik və daha sərt olacaq. Məsələn hicab məsələsi üzündən ictimai hüquqlardan məhrum olma qanunda yox idi. İndi bunu gətirib qanun edirlər," deyə hüquqşünas hazırda tətbiq edilməkdə olan "Hicab və İffət" layihəsinin qanunlaşma prosesini şərh edib.
İnsan haqları vəkili yeni qanunda hicab və digər şəriət qanunlarına riayət etməyənlərə qarşı ağır həbs və cərimə cəzalarının nəzərdə alındığını bildirib.
Forum