Accessibility links

Prokuror: Qəzvində 'hicab və iffət qanunu' ilə əlaqədar 173 nəfərə qarşı məhkəmə işi açılıb


Qəzvində "Hicab və İffət qanunu"nun tətbiqi istiqamətində başladılan layihə çərçivəsində hicab qaydalarına riayət etməyən 173 vətəndaş haqqında məhkəmə işi açıldığı bildirilib.

Dövlət agentliyi İRNA bu barədə Qəzvin prokuroru Hüseyn Rəcəbinin şənbə günü verdiyi açıqlamalarına istinadən məlumat yayıb.

Agentliyin xəbərinə görə, hicab və iffət layihəsinin icraya başlamasından bəri "küçələr və ictimai yerlərdə hicab qaydalarına riayət etməyib və sosial asayişi pozan" 173 nəfərə qarşı məhkəmə işi açılıb.

Hicab və İffət layihəsi təqribən bir ay əvvəl İran Parlamenti tərəfindən qəbul edilsə də, aylardır ki, İbrahim Rəisi höküməti tərəfindən icra edilir.

Prokuror Hüseyn Rəcəbi deyib ki, "məhkəmə işi açılan 173 nəfərdən 50 nəfərin kimliyi İnqilab Qvardiyasındakı İmam Zamanın adsız əsgərləri tərəfindən aşkar edilib. Qalan şəxslərin kimliyini aşkar etmək üçün fəaliyyətlər davam edir."

"İmam Zamanın adsız əsgərləri" İranda rəsmilər və media tərəfindən təhlükəsizlik və kəşfiyyat qüvvələri üçün istifadə edilən bir ifadədir.

Son aylarda İslam Respublikası şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökümət fərqli vilayətlərdə bəzi iş yerləri və ticarət obyektlərini hicab və şəriət qaydalarına riayət edilmədiyi iddiası ilə möhürləyir. İran polisi şəhərlərin fərqli nöqtələrində yerləşdirilmiş kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS xəbərdarlıq göndərir. Hökümət həmçinin vətəndaşlardan "yaxşı əmələ təşviq və pis əməldən çəkindirmə" üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.

Qəzvin vilayəti bu yöndə qoyulan qadağaların ən sərt şəkildə tətbiq edildiyi vilayətlərdən biridir.

XS
SM
MD
LG