Yuliya Navalnaya: Putin mütəşəkkil cinayətkar dəstənin lideridir

Yuliya Navalnaya Avropa Parlamentində çıxış edir

Rusiyaslı mərhum müxalif lider Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya fevralın 28-də Avropa Parlamenti qarşısında çıxış edərək Rusiya prezidenti Vladimir Putinin “mütəşəkkil cinayətkar dəstənin lideri” olduğunu deyib.

Navalnaya çıxışında prezident Vladimir Putin başda olmaqla Rusiya hakimiyyətini Aleksey Navalnının qətlini təşkil etməkdə ittiham edib.

Sanksiyalar və məhdudlaşdırıcı tədbirlərə baxmayaraq Putinin Ukraynada “qəddar və məkrli” müharibəyə davam etdiyini qeyd edən Navalnaya, ona qarşı mübarizəni “siyasi rəqabət kimi deyil, mütəşəkkil dəstəyə qarşı mübarizə” kimi görməyə çağırıb.

“Əvvəlkilərdən fərqi olmayan yeni qətnamə və ya sanksiyalarla Putini incidə bilməzsiniz. Onun əxlaqı və qayda-qanunları olan prinsipial insan olduğunu düşünməklə ona qalib gələ bilməzsiniz. O, belə deyil və Aleksey bunu çoxdan başa düşmüşdü. Siz siyasətçi ilə deyil, qanlı mafiozla qarşı-qarşıyasınız. Putin mütəşəkkil cinayətkar dəstənin lideridir”, Navalnaya avropalı parlamentarlara səslənib.

Kremlin və Rusiya prezidenti Vladimir Putinin sərt tənqidçisi 47 yaşlı Aleksey Navalnı fevralın 16-da həbsxanada vəfat edib və cəsədi bir həftədən çox sonra, fevralın 24-də anası Lyudmila Navalnayaya verilib.

Navalnının qohumları, yaxınları və Qərb rəsmiləri onun ölümündə Putini günahlandırır. Rusiya rəsmiləri heç bir zorakılığa yol verilmədiyini bildirib və Navalnının həbsdə olarkən ölümü ilə bağlı beynəlxalq qəzəbi “isteriya” adlandırıblar.

Navalnının dəfn mərasimi martın 1-də baş tutacaq

Navalnının sözçüsü Kira Yarmış fevralın 28-də bildirib ki, keçmiş müxalifət lideri ilə vidalaşma mərasimi martın 1-də Moskvanın Maryino rayonundakı müqəddəs Məryəmin ikonası kilsəsində baş tutacaq. Navalnı elə həmin gün yaxınlıqdakı Borisovskoye qəbirstanlığında basdırılacaq.

Avropa Parlamentindəki çıxışı zamanı Yuliya Navalnaya dəfn mərasiminə gələnlərin həbs edilə biləcəyi ilə bağlı narahatlıq ifadə edib.