Accessibility links

Borrel: Putin və Rusiya hakimiyyəti Navalnının ölümünə görə məsuliyyət daşıyır


Cozep Borrel
Cozep Borrel

Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Cozep Borrel Aleksey Navalnının ölümünə görə prezident Vladimir Putini və Rusiya hakimiyyətini günahlandırıb. Navalnının ölümünü “Rusiyada artan sistematik repressiyaların daha bir əlaməti” kimi qiymətləndirən Borrel Rusiya hakimiyyətinin məsuliyyət daşıyacağını qeyd edib.

“Aİ öz tərəfdaşları ilə sıx əməkdaşlıq etməklə Rusiyanın siyasi rəhbərliyini və hakimiyyətini cavabdehliyə cəlb etmək üçün hər cür səy göstərəcək; o cümlədən sanksiyalar vasitəsilə əməllərinə görə onları hesab ödəməyə məcbur edəcəkdir”, Borrel fevralın 19-da yaydığı bəyanatında vurğulayır.

Rusiyanın müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya bazar ertəsi Brüsseldə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxış edərək Putinin məsuliyyətə cəlb edilməli olduğunu deyib.

Almaniya, İsveç və Litva xarici işlər nazirləri Brüsseldə Navalnının ölümünə görə Rusiyaya qarşı sanksiyalar çağırışı ediblər.

Borrel iclasdan sonra mətbuata açıqlamasında qeyd edib ki, İttifaqa üzv dövlətlər sanksiyalar təklif edəcəklər və Navalnının ölümü ilə əlaqəsi olan Rusiya həbsxana rəsmiləri sanksiya siyahısına əlavə oluna bilər.

Moskva Kremlin müdaxiləsi ilə bağlı iddiaları kəskin şəkildə rədd edib. Mətbuat katibi Dmitri Peskov ittihamların "tamamilə qəbuledilməz" olduğunu və Navalnının ölümünün fəal şəkildə araşdırıldığını bildirib.

Rusiya həbsxanasının rəhbərliyi bildirib ki, Navalnı Xarpda uzunmüddətli cəza çəkdiyi həbsxanada cümə günü gəzintidən sonra huşunu itirərək ölüb.

Peskovun sözlərinə görə, onun ölümü ilə bağlı istintaqın nəticələri hələ açıqlanmayıb. O, Navalnının cəsədinin ailəsinə nə vaxt veriləcəyi ilə bağlı təfərrüatları açıqlamayıb. Putin Navalnının ölümü ilə bağlı açıqlama verməyib.

Forum

XS
SM
MD
LG