Milli və mədəni fəallar azad edilmiş Yürüş Mehrəlibəyli və İbrahim Rəşidi ilə görüşüblər

Milli və mədəni fəallar Yürüş Mehrəlibəylini ziyarət edib

İran Azərbaycanının müxtəlif şəhərlərindən bir sıra milli və mədəni fəal, bu yaxınlarda müvəqqəti azadlığa buraxılmış Yürüş Mehrəlibəyli və İbrahim Rəşidini ziyarət ediblər.

Milli fəalların sosial mediada yaydıqları şəkillərə görə, müxtəlif şəhərlərdən çox sayda milli və mədəni fəal siyasi fəal Yürüş Mehrəlibəylinin Culfa şəhərindəki evinə gedib, onu və ailəsini ziyarət ediblər.

Son günlərdə milli fəallar və müəllimlər həmkarlar ittifaqı fəalları da daxil olmaqla, çox sayda fəal qrup halında azad edilmiş milli fəalın evinə gedərək, onu ziyarət ediblər.

Fevralın 18-də bir qrup milli fəal Yürüş Mehrəlibəylinin Culfa şəhərinin Şüca kəndində atasının evində özü və ailəsi ilə görüşüb, ailəsini siyasi fəalın azadlığa çıxması münasibətilə təbrik ediblər.

Bu görüşlər milli mahnıların oxunması və Azərbaycan musiqisinin ifası ilə müşayiət olunub.

Sosial şəbəkələrdə yayımlanan video-görüntülərə əsasən, siyasi fəalın görüşünə gedən milli fəallar İran Azərbaycanının müxtəlif şəhərlərindən, o cümlədən Təbriz, Mərənd, Əhər, Ərdəbil və Urmiyə kimi şəhərlərdən olub.

Fevralın 23-də Culfa Müəllimlər həmkarlar ittifaqının bir sıra üzvləri və Təbriz və Makı şəhərlərindən olan bir sıra milli fəallar Yürüşün ata evinə gələrək onunla və ailəsi ilə görüşüblər.

Tanınmış siyasi fəal ötən il noyabrın 7-də axşam saatlarında Culfa şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülmüşdü. Mehrəlibəyli 104 gün (üç ay 12 gün) həbsdə qaldıqdan sonra nəhayət fevralın 18-də müvəqqəti olaraq azadlığa buraxılıb.

Ərdəbil milli fəalları İbrahim Rəşidini ziyarət edib

Həmçinin fevralın 22 və 23-də milli fəallar Meşkinşəhr şəhərindən olan jurnalist və milli fəal İbrahim Rəşidi (Savalan) ilə Mirkəndi kəndindəki ata evində görüşüblər.

İbrahim Rəşidi ötən il dekabrın 30-da Meşkinşəhr (Xiyav) şəhərinin Mirkəndi kəndində öz evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasında dindirilib. O, 54 günlük həbsdən sonra nəhayət fevralın 22-də 200 milyon tümənlik girov müqabilində Meşkinşəhr həbsxanasından zaminə buraxılıb.