Accessibility links

Güneyli fəal İbrahim Rəşidi müvəqqəti olaraq sərbəst buraxılıb


İbrahim Rəşidi (Savalan)
İbrahim Rəşidi (Savalan)

Azərbaycanlı jurnalist və milli fəal İbrahim Rəşidi (Savalan) məhkəmənin yekun hökmünə qədər Meşginşəhr (Xiyav) həbsxanasından müvəqqəti olaraq azadlığa buraxılıb.

Bu barədə milli fəalın qardaşı Məhəmməd Rəşidi öz şəxsi İnstagram səhifəsində məlumat verib.

İbrahim Rəşidi 54 günlük həbsdən sonra nəhayət bu gün, fevralın 22-də 200 milyon tümənlik girov müqabilində Meşginşəhr həbsxanasından zaminə buraxılıb.

Rəşidi ötən il dekabrın 30-da Meşkinşəhr (Xiyav) şəhərinin Mirkəndi kəndində öz evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və 24 saat prokurorluqda nəzarət altında saxlandıqdan sonra Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülmüşdü.

Fəalın həbs müddəti işin və istintaqın yekunlaşmaması bəhanəsi ilə qeyri-müəyyən müddətə uzadılmışdı.

İbrahim Savalan Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasında 17 günlük həbs və sorğu-sualdan sonra yanvarın 15-də Ərdəbil həbsxanasına köçürüldü. O, daha sonra yanvarın 27-də Ərdəbil vilayətində yerləşən Meşginşəhr (Xiyav) həbsxanasına köçürülmüşdü.

Güneyli jurnalist və araşdırmaçıya “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” və “ictimai rəyi çaşdırmaq məqsədi ilə yalan məlumat yaymaq” ittihamlarını irəli sürüb.

Ehtimal olunur ki, fəala qarşı bu ittihamların irəli sürülməsi sosial media platformalarında dərc olunan İranın siyasi və sosial problemləri ilə bağlı yazıları ilə bağlıdır. Onun X hesabı (keçmiş Twitter) həbs edildikdən sonra bağlanıb.

Həbsdə olduğu müddətdə həm Ərdəbil Kəşfiyyat İdarəsində, həm də Ərdəbil və Meşginşəhr həbsxanalarında saxlandığı müddətdə vəkil və ailəsi ilə görüşə icazə verilməyib.

İbrahim Rəşidi mədəni və dinc fəaliyyətinə görə, dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və təcridxanada dindirilib. Savalan müxtəlif məhkəmələrdə bir sıra həbs cəzalarına məhkum edilib.

Rəşidi illərdir mütəmadi olaraq ölkənin siyasi və sosial problemlərinə dair qeydlərini sosial media platformalarında paylaşır.

Forum

XS
SM
MD
LG