Fevralın 18-də günorta saatlarında azərbaycanlı siyasi fəal Yürüş Mehrəlibəyli Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azad edilib. Bununla bağlı siyasi fəalın bacısı Durna və qardaşı Yılmaz Mehrəlibəyli öz Instagram səhifələrində məlumat paylaşıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi siyasi fəalın məhkəmənin yekun qərarına qədər 2 milyard tümən girov müqabilində müvəqqəti azadlığa buraxıldığını yazıb.
Tanınmış siyasi fəal ötən il noyabrın 7-də axşam saatlarında Culfa şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülmüşdü.
Mehrəlibəyli 104 gün (üç ay 12 gün) həbsdə qaldıqdan sonra nəhayət bu gün müvəqqəti olaraq azadlığa buraxılıb. Siyasi fəalın həbsdə olduğu bu uzun müddət ərzində ona ailəsi ilə cəmi iki dəfə qısamüddətli telefon əlaqəsi saxlamağa icazə verilib. O, ilk dəfə noyabrın 14-də təhlükəsizlik qüvvələrinin nəzarətində olduğu zaman ailəsi ilə təqribən 1 dəqiqəlik əlaqə saxlayıb.
Siyasi fəalın ailəsinə fevralın 10-da prokurorluğa müraciət etdikləri zaman Yürüş Mehrəlibəylinin Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsinə köçürüldüyü barədə məlumat verilib. Fevralın 17-də o, ikinci dəfə həbsxanadan ailəsinə zəng edib.
Azərbaycanlı fəalın azadlığa buraxılması xəbərinin yayılmasından bir qədər əvvəl sosial mediada bəzi xəbər kanalları onu qarşılamaq üçün çoxlu sayda milli fəalın Təbriz Mərkəzi Həbsxanasının qarşısına çıxdığını, lakin mülki geyimli təhlükəsizlik qüvvələrinin siyasi məhbusu bir şəxsi maşınla başqa yerə apardığını bildirmişdi.
Yayılan videolarda milli fəalların Yürüş Mehrəlibəyli azadlığa çıxdıqdan sonra onu mahnılar və marşlar oxuyaraq qarşıladıqları göstərilir.
Azərbaycanlı siyasi fəala qarşı irəli sürülən ittihamlarla bağlı hələ ki məlumat yoxdur.
Uzun müddət təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldığı müddətdə o, vəkil tutmaq və ailəsi ilə görüşmək hüququndan məhrum edilib.
Yürüş Mehrəlibəyli İran Azərbaycanında tanınmış siyasi fəallardan biridir və bundan əvvəl dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və uzunmüddətli həbs cəzasına məhkum edilib.
Forum