Suriyadan 7 Azərbaycan vətəndaşı repatriasiya olunub

Fevralın 2-də Suriyanın ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşı ölkəsinə repatriasiya olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, Azərbaycan vətəndaşları Türkiyə ərazisi vasitəsi ilə ölkəyə gətirilib.

Nazirlik bildirir ki, Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Rəsmi məlumatlara görə bu günədək İraq və Suriyadan 406 uşaq və 37 qadın olmaqla cəmi 453 nəfər vətəndaşın Azərbaycana repatriasiyası həyata keçirilib.

2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Bununla yanaşı yerli mediada dərc edilən məlumatların təhlili göstərir ki, İraq və Suriyada həbsxanalarda hələ çoxsaylı Azərbaycan vətəndaşları saxlanılır. 2023-cü ilin martında Bağdad həbsxasında 121 nəfər Azərbaycan əsilli qadının aclığa başlaması barədə onların audio müraciətləri yayılıb.