Accessibility links

Suriyadan 11 nəfər Azərbaycan vətəndaşı repatriasiya olunub


Suriya (Mənbə: VOA)
Suriya (Mənbə: VOA)

Mayın 18-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır.

Nazirlik bildirir ki, növbəti mərhələdə Azərbaycan hökuməti tərəfindən repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

"Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək", Xarici İşlər Nazirliyi qeyd edir.

Rəsmi məlumatlara görə bu günədək İraq və Suriyadan 388 uşaq və 32 qadın olmaqla cəmi 420 nəfər vətəndaşın Azərbaycana repatriasiyası həyata keçirilib.

2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Bununla yanaşı yerli mediada dərc edilən məlumatların təhlili göstərir ki, İraq və Suriyada həbsxanalarda hələ çoxsaylı Azərbaycan vətəndaşları saxlanılır. Bu ilin martında Bağdad həbsxasında 121 nəfər Azərbaycan əsilli qadının aclığa başlaması barədə onların audio müraciətləri yayılıb.

XS
SM
MD
LG