Milad Cəlili və Salar Tahir Əfşar həbs cəzasına məhkum edilib

Soldan Salar Tahir Əfşar və Milad Cəlili

Təbriz İnqilab Məhkəməsinin 2 saylı şöbəsi Milad Cəlili və Salar Tahir Əfşarı cəmi 14 ay müddətinə azadlıqdan məhrum edib.

Bölgədəki hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydığı məlumata görə, rep ifaçısı Milad Cəlili "rejimə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamından təqsirkar bilinərək 8 ay, Salar Tahir Əfşar isə “rejimə qarşı təbliğat fəaliyyətinə köməklik etmək” ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib.

Məhkəmə, sənətçi Milad Cəliliyə “xalqı iğtişaşlara, müharibəyə və qətlə təşviq etməklə milli təhlükəsizliyə qarşı fəaliyyət aparmaq” ittihamından bəraət qazandırıb.

Milli fəal Salar Tahir Əfşar barəsində çıxarılan hökm onun ötən il dekabrın 19-da həbsi ilə bağlıdır. Bu il fevralın 6-da o, İranın digər şəhərlərində bir neçə milli fəalla eyni vaxtda təhlükəsizlik qüvvələri tərəfindən yenidən həbs edilib və hazırda Tehranın Evin həbsxanasında nəzarət altında saxlanılır.

Elşən adı ilə də tanınan Milad Cəlili isə, ötən il həbs edilən milli fəallara dəstək mahnısı oxuduqdan sonra noyabrın 28-də həbs edilmişdi. Cəlili bu il yanvarın 29-da, 63 gün nəzarət altında saxladıqdan sonra, 300 milyon tümən girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.

Yanvarın 27-də Təbriz İnqilab Məhkəməsinin 2 saylı şöbəsində həmin iki fəalın məhkəməsi keçirilmişdi və onlara qarşı irəli sürülən ittihamlar barəsində məlumat verilmişdi.

Gənc milli fəallar Milad Cəlili və Salar Tahir Əfşarı müvafiq olaraq, vəkillər Əsgər Məhəmmədi və Cavad Hafiz müdafiə edib.

İlkin məhkəmənin verdiyi həmin qərarlarına 20 gün müddətində Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.