Güneyli fəal Salar Tahir Əfşarın məhkəmənin elektron bildiriş sistemi vasitəsilə aldığı bildirişə görə, o, yanvarın 27-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində hazır olmalıdır.
İnsan haqları təşkilatı AHRAZ-ın yayımladığı məlumata görə, Salar Tahir Əfşara "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı irəli sürülüb. Məhkəmə iclasında milli fəal, bu ittihama qarşı müdafiəsini təqdim edəcək.
Salar Tahir Əfşar Urmiyədə dekabrın 19-da kiber-polis qüvvələri tərəfindən həbs edilərək, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülmüşdü.
O, dekabrın 23-də məhkəmənin son qərarına qədər 200 milyon tümənlik girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.
İnsan haqları təşkilatının verdiyi məlumata görə, repçi Milad Cəlili də həmin tarixdə Təbriz İnqilab Məhkəməsi tərəfindən çağırılıb. O, 51 gün öncə, keçən il noyabrın 28-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və hazırda Təbriz Mərkəzi Həbsxanasında saxlanılır.
Forum