Fevralın 15-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bir qrup yerli jurnalistlə görüşüb və onların çoxsaylı suallarını cavablandırıb.
O, suallara cavablarda ikitərəfli münasibətlər, iki ölkənin strateji maraqları, jurnalistlərin həbsi, ABŞ qurumlarına qarşı Azərbaycanda tənqidi münasibət, Azadlığı Müdafiə Aktına 907-ci düzəliş, Ermənistan-Azərbaycan sülh prosesi və digər çoxsaylı sahələrə toxunub.
Səfir Libbi bildirib ki, ABŞ və Azərbaycan arasında münasibətlərdə ziddiyyətlərin olduğu müəyyən sahələr var.
"Biz jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının saxlanılması ilə bağlı narahatlığımızı bildirdik. Həmçinn ABŞ-ın Azərbaycandakı yardım və mədəni proqramlarının təhrif olunmasından narahatlığımızı bildirdik. Bu, münasibətlərimizə mənfi təsir göstərir", o qeyd edib.
Səfir hesab edir ki, hazırkı durumu düzəltmək üçün çoxlu imkanlar var.
“Çünki ABŞ və Azərbaycanın maraqlarının üst-üstə düşdüyü və müsbət əməkdaşlıq təcrübəsinin olduğu bir çox sahələr var. Bunlar təhlükəsizlik, enerji və digər sahələrdir”, o qeyd edib.
Səfir Libbi bildirib ki, Azərbaycanda insan hüquqları məsələsi çox vacibdir və dini azadlıqlar bu azadlıqların bir hissəsidir.
“Dövlət Departamentinin dini hüquqların pozulmasına dair hesabatındakı tənqid dindarların təqib olunması ilə bağlı konkret hallara aiddir”, o deyib.
“Siz antiazərbaycan qüvvələrinin Vaşinqton tərəfindən maliyyələşdirilməsilə bağlı Bakının ittihamları və Ermənistanla sülh müqaviləsi bağlanmadan əvvəl ABŞ-ın Azərbaycana rəsmi səfərlərdən imtina etməsindən sonra iki ölkə arasındakı mövcud münasibətləri necə qiymətləndirirsiniz?
Turan agentliynin bu sualına cavabda Mark Libbi deyib ki, müəyyən dövrlərdə münasibətlər “müxtəlif” olub.
"Azərbaycan tərəfindən Amerika siyasətinin ünvanına çoxlu tənqidlər səsləndirilib, ABŞ isə müxtəlif məsələlərlə bağlı narahatlığını ifadə edib".
O qeyd edib ki, buna baxmayaraq, iki ölkənin bir çox ümumi strateji marağı var və onlar "əsasən üst-üstə düşür".
“Azərbaycan əhalisinin əksəriyyətinin də istədiyi kimi Azərbaycanın öz qonşuları ilə sülh şəraitində yaşayan güclü və müstəqil dövlət olması ümumi maraq dairəsindədir.
Buna görə də ABŞ-ın məqsədi Ermənistanla sülhün tezliklə bağlanması üçün şərait yaratmaq istəyi kimi formullaşdırıla bilər”, o qeyd edib.
Sərhəddəki son silahlı insidentə toxunan Libbi deyib ki, bu hadisələr əsaslı narahatlıq yaradır və hər iki tərəfin qarşısına eskalasiyaya yol verməmək və münaqişənin uzunmüddətli həllini tapmaq vəzifəsini qoyur. Bununla yanaşı, o qeyd edib ki, hər iki ölkə “ərazi bütövlüyünə riayət etməlidir, əks halda nizamlanma olmayacaq".
ABŞ hansı səbəbdən İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik etməyib və ATƏT tərəfindən seçkilərin qiymətləndirilməsinin təkrarlanması ilə kifayətlənib?
Səfir bu sualın cavabında deyib ki, ABŞ ATƏT-in seçki pozuntuları ilə bağlı hesabatında göstərilən narahatlığı bölüşür.
O, təbrik barədə suala aydın cavab verməkdən yayınıb.
Libbi ABŞ-ın Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişi yenidən tətbiq etməsinin səbəblərinə toxunmayıb.
"Düşünmürəm ki, indi Azərbaycanın hərbi yardıma ehtiyacı var", o qeyd edib.
Diplomat Azərbaycanda 10 jurnalistin həbsini şərh edərək deyib ki, demokratiyaya sadiq ölkə jurnalistləri öz işlərinə görə həbs etmir. Niyə burada bunun baş verdiyinə "mən cavab verə bilmərəm" səfir deyib və əlavə edib ki, azad və müstəqil mətbuat demokratiyanın göstəricilərindən biridir.