Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı aralıq hesabatını açıqlayıb.
SMDT hesabatında qeyd edir ki, prezident seçkisinin vaxtından 14 ay öncəyə – 7 fevral 2024-cü ilə təyin edilməsi seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən siyasi partiyalar və prezidentliyə namizədlik iddiasında olan şəxslərin iştirakını, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq seçki müşahidə təşkilatlarının bu prosesə fəal şəkildə cəlb olunmasını çətinləşdirib.
“SMDT qeyd edir ki, fevralın 7 -də növbədənkənar prezident seçkisi sonuncu parlament seçkisindən 3 il sonraya təsadüf etsə də, ötən müddətdə seçki qanunvericiliyi və seçki təcrübəsinin təkmilləşdirilməsi barədə yerli və beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəlki tövsiyyələrini öyrənmək və icra etmək üçün ASMDT təəssüflə bildirir ki, 7 fevral 2024-cü il növbədənkənar seçkisi ərəfəsində ölkədə siyasi azadlıqların müdafiəsi yönündə böhran dərinləşib, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarına məhdudiyyətlər aradan qalxmayıb, siyasi motivli həbslərin sayı daha da artıb” , hesabatda qeyd edilir.
Aralıq hesabatda qeyd edilir ki, bununla yanaşı seçki öncəsi siyasi partiyaların sayı iki dəfə azalıb, müstəqil vətəndaş cəmiyyəti qurumları və müstəqil medianın fəaliyyətinə qadağalar, habelə jurnalistlər və ictimai fəallara qarşı təqiblər çoxalıb.
“Nəticədə vətəndaş cəmiyyəti qurumları və siyasi partiyaların 7 fevral növbədənkənar prezident seçkisində fəal iştirakı üçün əlverişli demokratik mühit olmayıb”, hesabatda deyilir.
Bu hesabat Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) 7 Fevral 2024-cü il növbədənkənar prezident seçkisi üzrə uzunmüddətli müşahidələrinin nəticələri əsasında hazırlanıb.
Azərbaycan hakimiyyəti bu hesabata rəsmi şərh verməyib. Lakin bir sıra rəsmilər ölkədə fevralın 7-də növbədənkənar prezident seçkilərin ədalətli keçiriləcəyinə əmindirlər.
Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Bu barədə dekabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentlik uğrunda 7 namizəd mübarizə aparır. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.
Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.
ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.
“Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb”, 2020-ci ilin fevralında növbədənkənar parlament seçkilərini beynəlxalq missiya belə qiymətləndirmişdi.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.
Hesabatda qeyd edilir ki, seçkilərə qatılan altı namizəd keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib
Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.
Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.