Ötən il noyabrın 7-də Şərqi Azərbaycan vilayətində yerləşən Culfa şəhrində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən güneyli siyasi fəal Yürüş Mehrəlibəylidən hələ də xəbər yoxdur.
Həbsindən iki ay iki həftə keçməsinə baxmayaraq, bu uzun müddət ərzində ona ailəsinə yalnız bir dəfə çox qısa zəng etmək icazəsi verilib. Həbs olunduqdan 6 gün sonra ailəsi ilə etdiyi bu telefon danışığında o, yalnız bir neçə kəlmə danışa bilib. Ailəsi onun Təbriz Kəşfiyyat İdarəsinə köçürülmüş olduğunu həmin qısa söhbətdən və digər siyasi məhbusların söylədiklərindən təxmin edib.
Mehrəlibəylinin ailəsi müxtəlif yollarla, o cümlədən məhkəməyə müraciət etməklə və sosial şəbəkələrdə paylaşımlar edərək, onun azadlığa buraxılmasını tələb ediblər. Onlar dəfələrlə məhkəməyə müraciət edərək, həbs olunmuş Yürüş ilə heç olmasa telefon əlaqəsi saxlamağı xahiş ediblər. Lakin həbsindən üç aya yaxın vaxt keçsə də, məhkəmə orqanları və təhlükəsizlik qüvvələri buna icazə verməyib.
Siyasi fəallar həbs edildikdən sonra təhlükəsizlik qüvvələri onları gizli nəzarət mərkəzlərinə köçürür. Təcridxanaya gedən yolda məhbusların gözləri bağlanır. Həbs olunan siyasi fəallar adətən dindirilmə prosesinin ilk günlərində və həftələrində kameralarda tək saxlanılır və onlara digər məhbuslarla ünsiyyətə imkan verilmir.
SEE ALSO: Yürüş Mehrəlibəylinin ailəsi ilə görüşmək üçün Culfaya gedərkən həbs olunan milli fəallar sərbəst buraxılıblarMehrəlibəyli ailəsi noyabrın 16-da Culfa şəhərinin Qeydiyyat İdarəsi qarşısında piket keçirib, şəxsiyyət vəsiqəsi verilməyən Huntay adlı uşağın 6 yaşını qeyd etməklə yanaşı Yürüş Mehrəlibəylinin dərhal azad edilməsini tələb edib.
Noyabrın 20-də sosial medida paylaşılan video-görüntüdə Yürüş Mehrəlibəylinin ailəsi, digər həbs olunan fəalların ailə üzvləri ilə birlikdə, mili fəalların azadlığını tələb ediblər.
Yürüş Mehrəlibəylinin oğlu Tatar dekabr ayının 22-də bir videonu yayaraq, iki yaşında ikən atasının həbs olunduğunu və daha sonra 9 il həbs cəzasına məhkum edildiyini söyləyib, atasının yenidən həbsini və məhkəmə orqanlarının atasının səhhəti ilə bağlı heç bir məlumat verməməsini tənqid etmişdi. Tatar həmin videoda azərbaycanlılardan onlara dəstək olmalarını və onun ailəsinin səsi olmalarını xahiş etmişdi.
Bu il yanvarın 12-də Yürüş Mehrəlibəylinin ailəsi ilə görüşmək üçün Culfa şəhərinə gedən milli fəallar təhlükəsizlik qüvvələri tərəfindən yolda saxlanılıb və saatlarla sorğu-sual ediliblər. Buna baxmayaraq, çox sayda milli fəal Yürüş Mehrəlibəylinin Culfa şəhərinin Şüca kəndində yaşayan valideynləri və digər ailə üzvləri ilə görüşə bilib. Həmin görüşdə onlar nəzarətdə və həbsxanada saxlanılan siyasi məhbusların adları dərc olan plakatları əllərində tutaraq, onların azadlığını tələb ediblər.
Siyasi fəalın qardaşı Yılmaz, yanvarın 19-da qardaşının həbsindən 74 gün keçdiyini açıqlayıb və bu müddət ərzində onunla yalnız bir dəfə danışdıqlarını və səhhətindən narahat olduqlarını bildirib. Yılmaz Mehrəlibəyli, ailəsinin qardaşı ilə heç olmasa telefonla danışmaq imkanı yaratmaq ilə bağlı ədliyyə orqanlarına bütün xahişləri və müraciətlərinə baxmayaraq, heç bir nəticə olmadığını deyib. Yılmaz Mehrəlibəyli həmin video-görüntünün sonunda "bir azərbaycanlı kimi" siyasi fəalları dəstəklədiyini bəyan edərək, hər kəsdən onların səsinə səs olmağı xahiş edib.