Təbrizdə kəşfiyyat şöbəsinin təcridxanasında saxlanılan mədəni və siyasi fəalların ailələrinin onların sağlıq vəziyyətindən narahat olduqları bildirilir.
Hüquq müdafiə qurumlarının bildirdiyinə görə, aralarında xroniki xəstəlikləri olan məhbuslara ailələri ilə görüşmə və hətta telefon söhbətinə imkan verilmir.
Keçən sentyabr ayından bəri Təbrizdə saxlanılan türk fəallar Murtuz Nurməhəmmədi Nadarlı, Davud Şiri, Araz İbrahimnejad, Cavad Sudbər, Əmirhüseyn Ağayi, Əli Babayi, Seyyid Məhəmmədrza Müvəhhid, Mehrdad Qadiri, Hüseyn Azadi, İbrahim Əvəzzadə və Nasir Rəzmcunun nəzarət müddəti bir neçə dəfə uzadılıb.
Daha sonra başqa fəallar, o cümlədən Yürüş Mehrəlibəyli və Hamid Yeganəpur da həbs edilərək Təbrizdəki kəşfiyyat təcridxanalarına göndəriliblər.
Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) bildirdiyinə görə, sentyabrın 13-dən bəri nəzarətdə saxlanılan “Əli Babayi bel diskindən əziyyət çəkir və onun dərman və lazımi tibbi xidmətlə təmin edilib-edilmədiyi bəlli deyil.”
Hüquq müdafiə qurumu noyabrın 7-də saxlanılan Hamid Yeganəpurun da müntəzəm tibbi xidmətə ehtiyacı olduğunu önə çəkib.
“Hamid Yeganəpurun ürək xəstəliyi var və gözündə problem yaşayır. O, həmçinin həbsdən bir müddət əvvəl avtomobil qəzası keçirib və bununla bağlı onun müalicə prosesi davam etməlidir. Ancaq, o, naməlum bir vəziyyətdə və tibbi xidmətdən məhrum olaraq nəzarətdə saxlanılır,” Ərk cəmiyyəti bildirib.
Forum