Accessibility links

İran Azərbaycanında 196 ziyalı və mədəni fəal siyasi məhbuslara dəstək bəyanatı imzalayıb


Təbrizdə saxlanılan türk fəallar
Təbrizdə saxlanılan türk fəallar

İran Azərbaycanında aralarında tanınmış siyasətçi, yazar və sənətkarların da olduğu təqribən 200 mədəni fəal Təbrizdə uzun müddətdir təhlükəsizlik qurumunun təcridxanalarında saxlanılan siyasi məhbuslara dəstək bəyanatı imzalayıblar.

Bəyanat Daadkhast (Ərizə) saytında 196 imza ilə dərc edilib.

Orucəli Məhəmmədi, Əkbər Əbulzadə, Rüqəyyə Kəbiri, Səid Mətinpur, Səid Nəimi, Ərşəd Nəzəri, Fəranək Fərid, Əlirza Sərrafi, Əlirza Fərşi, Davud Xudakərəmi, Lətif Həsəni, Qəffar Fərzədi, Abbas Purəzhəri, Həsən Raşidi, Həsən Ərk, Mehdiyə Ahəni və Məhəmməd Hüseyn Təhmasib kimi yazarlar, siyasətçilər və sabiq siyasi məhbusların imzaladığı bəyanatda Təbrizdə saxlanılan məhbusların dərhal və qeyd-şərtsiz sərbəst buraxılması tələb olunub.

Bəyanatı imzalayanlar Təbrizdə nəzarətdə saxlanılan Murtuz Nurməhəmməd Nadarlı, Davud Şiri, Araz İbrahimnejad, Cavad Sudbər, Əmirhüseyn Ağayi, Əli Babayi, Seyyid Məhəmmədrza Müvəhhid, Mehrdad Qadiri, Hüseyn Azadi, İbrahim Əvəzzadə, Nasir Rəzmcu, Sabir Hüseynzadə, Röya Zakiri, Armita Pavir, Ayət (Yürüş) Mehrəlibəyli və Hamid Yeganəpurun adət və qanundan kənar rəftarlara məruz qaldıqları səbəbi ilə narahat olduqlarını ifadə ediblər.

Müraciət mətnində məhbusların uzunmüddət nəzarətdə saxlanılması, müvəqqəti nəzarət müddətinin dəfələrlə uzadılması, ailələr ilə görüşmə və telefon əlaqəsinə imkan verilməməsi və ya məhdudlaşdırılması və ailələrin xüsusilə ilk günlərdə yaxınlardan xəbərsiz qalması kimi xüsuslara adət və qanundan kənar rəftarlar olaraq diqqət çəkilib.

“Məhbusların ailələrinin bu qanunsuz və hüquqsuz prosedurlara qarşı etirazları və dəfələrlə müraciətlərinə rəğmən rəsmilər cavab verməkdən imtina edirlər. Bu təzyiqlərin məhbuslardan etiraf almaq və onlara qarşı ağır dosyelər açmaq hədəfi ilə istifadə ediləcəyinə dair narahatlıqlar var”, 196 mədəni fəal, ziyalı və yazarın imzaladığı bəyanatda deyilir.

Forum

XS
SM
MD
LG