Yanvarın 12-də tanınmış siyasi fəal Yürüş Mehrəlibəylinin ailəsi ilə görüşmək üçün Culfa şəhərinə gedərkən yolda həbs olunan güneyli fəallar təhlükəsizlik qüvvələri tərəfindən saatlarla sorğu-sual edildikdən və mobil telefonları və şəxsiyyət vəsiqələri müsadirə olunduqdan sonra sərbəst buraxılıblar.
Təhlükəsizlik qüvvələri bəzi milli fəalların avtomobilini Culfa şəhərinə gedərkən saxladıqdan sonra onları həbs edərək bir neçə saat sorğu-sual edib. Milli fəalların bəziləri təhlükəsizlik qüvvələri və polis tərəfindən geri qaytarılıb. Bəzi nəşr olunan xəbərlər göstərir ki, təhlükəsizlik qüvvələri və polis milli fəalların avtomobilini Culfa yolundan qayıdarkən təqib edib.
İran Azərbaycanının xəbərlərini yayımlayan Telegram kanalları iki aydan artıq təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılan milli fəal Yürüş Mehrəlibəylinin ailəsi ilə Culfanın Şüca kəndinə görüşmək üçün gedərkən saxlanılan 15 milli fəalın adını açıqlayıblar.
Bütün təzyiqlərə və həbslərə baxmayaraq, çox sayda milli fəal yanvarın 12-də Yürüş Mehrəlibəylinin Şüca kəndindəki valideynləri və digər ailə üzvləri ilə görüşə bilib.
Mehrəlibəyli ailəsini ziyarət etməyə nail olan milli fəallar təhlükəsizlik qüvvələrinin nəzarətində dindirilməkdə olan Yürüş Mehrəlibəyli, İbrahim Rəşidi (Savalan), Milad Cəlili və siyasi məhbuslar Mahmud Ocaqlı, Əli Razizadə və Saleh Molla Abbasinin adları dərc olan plakatları əllərində tutaraq şəkil yayımlayıblar.
Güneyli fəallar bununla saxlanılan fəallara və onların ailələrinə qarşı təhlükəsizlik qüvvələri tərəfindən tətbiq edilən təzyiqlərə etirazlarını bildiriblər.
Forum