Accessibility links

Güneyli milli fəal Əli Rəzizadə həbsxanaya köçürülüb


Güneyli fəal Əli Rəzizadə həbsxanaya köçürülüb (Foto Abbas Lisani adlı Telegram kanalından alınıb)
Güneyli fəal Əli Rəzizadə həbsxanaya köçürülüb (Foto Abbas Lisani adlı Telegram kanalından alınıb)

Nadarlı qəsəbəsindən olan güneyli milli fəalı Əli Rəzizadə 1 illik həbs cəzasını çəkmək üçün bu gün, oktyabrın 29-da Tehranın Evin Həbsxanasına köçürülüb.

Bölgədəki hüquq müdafiəçilərinin bildirdiyinə görə, Əli Rəzizadə bir illik həbs cəzasını çəkmək üçün bir neçə azərbaycanlı milli fəalın müşayiəti ilə Tehranın Evin həbsxanasına göndərilib.

Əli Rəzizadəyə qarşı bir sıra azərbaycanlı milli fəallar və siyasi məhbuslar haqqında öz şəxsi sosial media hesablarında paylaşdığı yazılardan dolayı məhkəmədə iddia qaldırılıb.

Daha sonra Tehranın Ümumi və İnqilab prokurorluğunun 3-cü şöbəsində ona qarşı qaldırılan iddia və irəli sürülən ittihamlar barəsində milli fəala məlumat verilib.

Məhkəmə onu "ölkənin təhlükəsizliyini pozmaq məqsədilə pantürkçü qruplaşmaya üzv olmaq"da ittiham edərək, 2 il həbs, eləcə də 2 il ölkə xaricinə çıxış və qruplara üzv olmaq qadağası cəzasına məhkum edib.

Apellyasiya Məhkəməsinə şikayət edən fəalın 2 illik həbs hökmünün bir ili 5 il müddətinə şərti hesab edilib, bir ili isə qüvvədə saxlanılıb. Apellyasiya Məhkəməsinin bu qərarına görə, milli fəal Əli Rəzizadə həmin müddətdə yenidən həbs edildiyi təqdirdə təxirə salınmış bir il hökmü icra ediləcək.

Əslən Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində yerləşən Nadarlı qəsəbəsindən olan Əli Rəzizadə Tehran sakinidir, evlidir, onun bir övladı var.

İran İslam Respublikasında ifadə azadlığı ciddi şəkildə məhdudlaşdırılıb, tənqidçilər sosial media platformalarında şəxsi səhifələrində məzmun yerləşdirdiklərinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilir və məhkəmələr tərəfindən əsassız ittihamlarla üzləşirlər. İslam Respublikasının siyasətini tənqid edən bir çox siyasi və ictimai fəal sırf tənqidi məzmun yaydıqları üçün həbs edilib və uzunmüddətli həbsə məhkum edilir.

Forum

XS
SM
MD
LG