Avropa İttifaqı Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Ermənistan və Azərbaycan arasındakı münaqişədən zərər çəkmiş insanların insan hüquqlarının vəziyyəti ilə bağlı müşahidələrini alqışlayıb. Aİ hesab edir ki, hesabat beynəlxalq qurumların Qarabağa maneəsiz çıxışının təmin edilməsinin zəruriliyini təsdiq edir.
“Aİ Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin, qaçqın və köçkünlərin Qarabağa könüllü, təhlükəsiz, ləyaqətli şəkildə qayıda bilməsi üçün şərait yaradılmasının vacibliyini vurğulayır. Bundan əlavə, yerli əhalinin mədəni və dini irsi, mülkiyyət hüquqları effektiv şəkildə qorunmalı və təmin edilməlidir”, İttifaqın Avropa Şurasındakı nümayəndəliyinin bəyanatında vurğulanır.
Ötən ilin 16-23 oktyabr tarixlərində Ermənistan və Azərbaycana, o cümlədən Qarabağ bölgəsinə səfər edən Dunya Miyatoviç yanvarın 12-də səfərinin nəticələrinə dair müşahidələrini dərc edib. Miyatoviç Azərbaycan və Ermənistan hakimiyyətini Qarabağ münaqişəsindən zərərçəkənlərin hüquqlarını müdafiə etməyə çağırıb.
Aİ həmçinin Ermənistan və Azərbaycanın məhbusların qarşılıqlı azadlığa buraxılması və etimadın möhkəmləndirilməsi tədbirlərini elan edən, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi bağlamaq niyyətini bir daha təsdiqləyən birgə bəyanatını alqışlayıb. “Bu mühüm siyasi addımdır”, bəyanatda qeyd edilir.
Azərbaycan və Ermənistan hakimiyyətini İnsan hüquqları Komissarının müşahidələrini və tövsiyələrini yerinə yetirməyə çağıran Aİ, regiondakı bütün insanların rifahı naminə iki tərəf arasında davamlı sülhə nail olmaq üçün vasitəçilik etmək əzmində olduğunu əlavə edib.
Rəsmi Bakı Miyatoviçin hesabatındakı bir sıra məqamları müsbət qiymətləndirsə də, bütövlükdə hesabatı tam ədalətli və qərəzsiz hesab etmədiyini vurğulayıb.
SEE ALSO: Azərbaycan Avropa Şurasının insan hüquqları komissarının regionla bağlı hesabatına münasibət bildirib
İnsan hüquqları Komissarının bölgəyə səfəri ötən ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsinə tam nəzarəti bərpa etməsi və Qarabağın 100 mindən artıq erməni əhalisinin kütləvi köçü ilə nəticələnən hərbi əməliyyatlarından sonraya təsadüf edib.
Ermənistanda olarkən Qarabağdan köçən sakinləri ziyarət edən Miyatoviç Ermənistan hakimiyyətinin köçkünlərə yardımla bağlı gördüyü tədbirləri alqışlayıb və Avropa Şurası ölkələrini bu istiqamətdə Ermənistana hərtərəfli dəstək verməyə çağırıb.
Miyatoviç köçkün düşmüş Qarabağ ermənilərinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması, o cümlədən onların vətəndaşlığı və hüquqi statusu ilə bağlı çevik həll yollarının tapılmasının vacibliyini vurğulayıb.
O, həmçinin Qarabağın erməni sakinlərinin əsaslı həll yolları tapılanadək müvəqqəti şəkildə öz evlərinə qayıda, yaxınlarının məzarlarını ziyarət edə bilmələri üçün şərait yaradılmasını tövsiyə edib, Azərbaycan hakimiyyətini onların geridə qoyduqları əmlakın qorunması üçün tədbirlər görməyə çağırıb.
Azərbaycanda səfərdə olarkən Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev və digər bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirən Dunya Miyatoviç daha sonra Qarabağ regionuna səfər edərək Xankəndində qalan azsaylı erməni sakinlərə baş çəkib, Füzuli və Ağdam rayonlarında dağıdılmış kənd və şəhərləri müşahidə edib.
O, həmçinin Füzulidə bu yaxınlarda salınmış, məcburi köçkün düşmüş azərbaycanlıların bir qisminin qayıtdığı yaşayış massivində olub. Məcburi köçkünlərlə yanaşı Komissar Ağdamda mina qurbanları və onların ailələri ilə görüşlər keçirib, regionda aparılan minatəmizləmə işləri ilə tanış olub.
SEE ALSO: Miyatoviç Azərbaycan və Ermənistanı münaqişədən zərərçəkənlərin hüquqlarını müdafiə etməyə çağırıb
Onilliklər boyu davam edən münaqişənin ciddi insan hüquqları ilə müşahidə olunduğunu qeyd edən Dunya Miyatoviç bütün köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə qayıtmaq, mina təhlükəsindən və müharibənin partlayıcı qalıqlarından qorunmaq hüququnun təmin edilməsi, əsirlərin müdafiəsi, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı hər iki ölkə hakimiyyətinə çağırış edib.
Miyatoviç həmçinin münaqişə zamanı törədilən ciddi insan hüquqları pozuntuları ilə bağlı araşdırma aparılmasının və qurbanlara adekvat kompensasiyanın təmin edilməsinin vacibliyi qeyd edib.
“Münaqişə dövründə beynəlxalq humanitar hüququn pozulması və ciddi insan hüquqları pozuntuları ilə bağlı bütün iddialar effektiv və operativ şəkildə araşdırılmalı, günahkarlar ədalətli, müstəqil və qərəzsiz məhkəmə araşdırmasından sonra təqsirli bilinərsə, məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdır”, Miyatoviç vurğulayıb.
Hesabatda həmçinin Azərbaycan və Ermənistan hakimiyyəti nifrət nitqinin qarşısının alınması, dinc birgəyaşayışın və qarşılıqlı etimadın təşviqi istiqamətinə addımlar atmağa, bu prosesdə vətəndaş cəmiyyətinin aktiv iştirakını təmin etməyə çağırılıb.