“İndi ağır zamanlardan keçirik. Ancaq qəti inanıram ki, bədəli nə olur -olsun, biz Rəsulzadə cümhuriyyətini mütləq 3-cü dəfə də quracağıq. Böyük öndərin dediyi kimi, ədalət günəşi mütləq parlayacaq!"
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin seçki öncəsi müraciətində deyilir.
"İlham Əliyevin ömürlük hakimiyyətə can atmasına hamımız etiraz etməliyik. O, seçkiləri saxtalaşdırmaq yolu ilə artıq 20 ildir ki, hakimiyyətdədir”, Kərimli qeyd edir.
AXCP sədrinin fikrincə, dünyada ömürlük hakimiyyətdə olanlardan heç biri xalqın hüquq və azadlıqlarını təmin etməyib.
“Yoxdur belə ölkə. Ömürlük hakimiyyətlər azadlıq, ədalət, demokratiya və rifaha düşmən, xalqlarını inkişafdan saxlayan, mahiyyətcə anti-milli hakimiyyətlər olur".
Onun fikrincə, repressiya maşını ölkədə danışmağı, etiraz etməyi, hətta təşkilatlanmağı xeyli çətinləşdirib.
"Baxmayaraq ki, hazırda bu millətin gənc və günahsız qızları da siyasi sifarişlə həbs olunur, Tofiq Yaqublu və Qubad İbadoğlu kimi məşhur siyasətçilər, müxalifət və ictimai fəallar kütləvi qaydada şərlənərək həbs olunub, ancaq biz yenə də xalq olaraq Azərbaycan arzusundan vaz keçməmək üçün özümüzdə güc tapmalıyıq. Daxili dedi-qoduları, taktiki fikir ayrılıqlarını kənara qoyub, ölkəmizdə avtoritarizmdən totalitarizmə, tək adam hakimiyyətindən ömürlük hakimiyyətə keçidə ümumxalq müqavimətini təşkil etməliyik. Bu mübarizə Azərbaycan uğrunda, Azərbaycanın maraqları uğrunda mübarizədir. Biz AXCP olaraq bu mübarizədə sonuna qədər varıq!” müraciətdə qeyd edilir.
Xatırladaq ki, Azərbaycan hakimiyyəti ünvanına səsləndirilən tənqidləri qəbul etmir və bir qayda olaraq qərəz sayır. Ölkə rəhbərləri bütün fundamental azadlıqların, söz, mətbuat, toplaşmaq azadlıqlarının tam təmin edildiyini, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün mühitin yaradıldığını bildirir.
Bununla yanaşı, Azərbaycan media azadlığı indeksinə görə dünyada 180 ölkə arasında 151-ci yeri bölüşür. Yerli hüquq müdafiəçiləri 250-dən çox siyasi məhbusun olduğunu bildirir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiləri müşhaidə edən missiyası indiyədək ölkədə demokratik və azad seçkilərin keçirldiyini təsdiq etməyib.