Oktyabrın 20-də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi hakim Vüsal Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi Rayon Şöbəsinin sədri Ramid Nağıyevi və AXCP Beyləqan Rayon Şöbəsinin fəalı Ayət İsmayılovu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə günahlı bilərək inzibati həbsə məhkum edib.
Bu barədə Məhkəmə-Hüquq Şurasının elektron məhkəmə portalında məlumat yayılıb.
AXCP-nin məlumatına görə, partiyanın hər iki fəalı 30 sutka inzibati qaydada həbs edilib.
AXCP fəalların həbsini siyasi hesab edir.
“Demişdik axı, xalqın övladlarının qanı və canı bahasına əldə olunmuş hərbi zəfəri azad, müxalif fikirli insanların kütləvi repressiyası fürsətinə çevirməyin. Qarabağdakı anti - terror əməliyyatından sonra repressiyalar xüsusi vüsət alıb. Demək olar ki, hər gün hansısa ictimai - siyasi fəalı, cəbhəçini (AXCP üzvü-red) həbs edirlər. Hakimiyyət qalib xalqdan ram edilmiş, itaətkar xalq düzəltmək istəyir. Heç kim susub, öz repressiya olunmaq növbəsini gözləməsin. Həbs olunan hər bir ictimai - siyasi fəalı hamılıqla müdafiə etməli, həbs olunan fəalların da əvəzindən yazıb, tənqid etməliyik. Birimiz hamımız üçün, hamımız birimiz üçün!” AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.
AXCP bildirir ki, son günlər bu partiyanın sosial şəbəkələrdə tənqidi çıxışlarından sonra 8 fəalı inzibati qaydada həbs edilib.
Bununla yanaşı, Daxili İşlər Nazirliyi fəalın saxlanılması ilə bağlı hələ şərh verməyib.
Forum