Accessibility links

ATƏT-in missiyası MSK-nin, AXCP-nin və REAL Partiyasının sədrləri ilə görüşüb


ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyası (Mənbə: MSK)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyası (Mənbə: MSK)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə görüşüb.

AXCP sədri Əli Kərimli Amerikanın Səsinə deyib ki, görüşdə seçkiqabağı mühit müzakirə mövzusu olub.

“Ölkədəki hazırki vəziyyəti onların diqqətinə çatdırdım. Siyasi məhbuslarla bağlı, müxalifətə qarşı olan basqılar, “Siyasi Partiyalar haqqında”, “Media haqqında” yeni qəbul edilmiş qanunlar və digər məhdudiyyətlərlə bağlı fikirlərimi çatdırdım. Açıq ifadə etdim ki, AXCP-nin bu günlərdə keçirilmiş qurultayı ətraflı müzakirələrdən sonra qərara gəlib ki, ölkədə azad, ədalətli seçkilərin keçirilməsi üçün heç bir mühit yoxdur. Hazırda ölkədə bütün fundamental hüquq və azadlıqlar məhdudlaşdırılıb. Çox ciddi repressiv, qorxu mühiti var. Sadəcə son bir ayda ondan çox müxalifətçi, vətəndaş cəmiyyətinin nümayəndəsi həbs olunub. Jurnalistlərə, real müxalifətin təmsilçilərinə qarşı böyük təzyiqlər var. AXCP-nin 10 fəalı hazırda siyasi məhbus həyatı yaşayır. Sərbəst toplaşmaq azadlığı ölkədə beş ilə yaxındır qadağan olunub. Seçki mühiti olmadığına görə AXCP seçki prosesində iştirak etmir”, o qeyd edib.

Əli Kərimli: Biz seçkiləri boykot edəcəyik
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Kərimli hesab edir ki, 7 fevrala təyin edilmiş seçkilər rəqabətsiz, “hökumətin yalnız özünün yandaşalrı ilə birgə quracağı seçki tamaşası” olacaq.

“AXCP olaraq bu seçki tamaşasında rol almaq niyyətində deyilik. Biz seçkiləri boykot edəcəyik. Amma çox təəssüf ki, ölkədə hətta aktiv boykot üçün də imkanlar yoxdur. Bunu açıq demək lazımdır ki, AXCP-nin üzvlərindən başqa kütləvi etiraz aksiyalarına çıxmağa hazır olan bu gün demək olar ki, adamlar yox dərəcəsindədir. Ona görə də biz əsasən seçkilərdə seçicilərin iştirak etmədiyinə istinad edəcəyik. Seçkilərdə rəqiblərin iştirak etmədiyinə istinad edəcəyik. Ümumiyyətlə, seçkilərin tam formal xarakter daşıdığına istinad edəcəyik. Hesab edirik ki, bununla da Azərbaycanda bu seçkilər tam formal bir prosedur kimi gözdən düşmüş olacaq. Azərbaycan hakimiyyətinin nə xalqı, nə beynəlxalq aləmi aldatmaq imkanı olmayacaq. Hamı başa düşəcək ki, bu rəqabətsiz, notarial qaydada İlham Əliyevin öz hakimiyyətini daha bir müddət uzatmasından ibarətdir. Burada heç bir yarış, xüsusilə də ədalətli yarış heç olmayıb”, AXCP sədri qeyd edib.

İlqar Məmmədov və ATƏT DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası (Mənbə: REAL Partiyası)
İlqar Məmmədov və ATƏT DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası (Mənbə: REAL Partiyası)

REAL Partiyasının sədri İlqar Məmmədov Teleqram kanalında bildirib ki, seçki müşahidə missiyasının Azərbaycanda monitorinq aparmasının vacib olduğunu diqqətə çatdırıb.

“Müşahidə missiyası mütləq gəlsin. Gəlməsəniz, insanlar səsvermədən daha da soyuyar, bu isə cəmi bir neçə ay sonrakı parlament seçkisi hazırlıqlarımıza zərərlidir. Biz istəyirik vətəndaşlar iştirak etsin, öyrənsin, heç olmasa məntəqələrinin ünvanını tanısınlar”, o qeyd edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyası MSK-da (Mənbə: MSK)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyası MSK-da (Mənbə: MSK)

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında deyilir ki, MSK sədri Məzahir Pənahov bu qurumun nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini, əməkdaşlığa daim açıq olduğunu vurğulayıb.

“Beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı səviyyəyə yüksəlməsinə mühüm töhfələr verib”, o qeyd edib.

“Pənahov qarşıdan gələn seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlardan danışıb, nəzərdə tutulan genişmiqyaslı layihələri nümayəndə heyətinin diqqətinə çatdırıb, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində seçki məntələrinin yaradılması və səsvermənin təşkili barədə onları məlumatlandırıb”, MSK-nin məlumatında deyilir.

Forum

XS
SM
MD
LG