Həbsdə olan siyasi funksioner Tofiq Yaqublunun qızı Nigar Həzi yanvarın 14-də Bakı istintaq təcridxanasında onunla görüşüb.
Bu barədə Amerikanın Səsinə Nigar Həzi bildirib.
Your browser doesn’t support HTML5
“Ümumən saxlanma şəraitindən şikayəti yoxdur. Baxmayaraq ki, həbsdədi, əhval- ruhiyyəsi çox yaxşı idi. Çox möhkəmdir. Mübarizə əzmindədir”, o bildirib.
Nigar Həzinin sözlərinə görə, atası ilə şüşə arxasından görüşüb.
“Həbsxanada mütəmadi olaraq idman edir. Bədii kitablar oxuyur. Yeganə darıxdığı futbol oynaya bilməməyidir. Məhkəməni də səbirsizliklə gözləyir. Onun həbsini sifariş edən İlham Əliyevi və həbsini icra edənləri ifşa edəcəyini bildirdi”, Nigar Həzi deyib.
Onun sözlərinə görə, yaxın günlərdə Tofiq Yaqublunun ev dustaqlığı ilə bağlı apellyasiya şikayətinə baxılacaq.
Xatırlatma
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.
Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 8 jurnalist həbs edilib.