Yanvarın 10-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qərarından vəkillərin verdiyi şikayətə baxılıb.
Vəkil Şəhla Hümbətovanın Amerikanın Səsinə bildirib ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb, şikayət təmin edilməyib.
Vəkilin sözlərinə görə, istintaq 6 aydır gedir və çox uzanıb, istintaq hərəkəti aparılmır.
“Təcridxanda Qubad İbadoğlunun səhhəti get-gedə pisləşir. Ən azından həbs qətimkan tədbiri ev dustaqlığı imkan tədbiri ilə əvəz edilsin ki, istintaqın gedişatında evdə qalsın. Biz belə başa düşürük ki, elə bir istintaq da getmir. Bu gün də şikayət təmin edilmədi”, vəkil qeyd edib.
Your browser doesn’t support HTML5
Şəhla Hümbətova bildirib ki, bugünkü məhkəmə prosesində Qubad İbadoğlu da iştirak edib.
Vəkilin görə, İbadoğlunun səhhətində problemlər qalır və onun vəziyyəti yaxşı deyil.
“Biz hər dəfə xahiş edirik ki, həbsi ev dustaqlığı ilə əvəz edilsin və ya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Tibb müəssisəsinə köçürülsün ki, ən azından orada müalicə alsın. Məhkəmə də bunu eləmir. Daha doğrusu istintaq buna qəti etiraz edir”, o bildirib.
Bununla bağlı nə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətdən, nə də cinayət işini aparan istintaq orqanından şərh almaq mümkün olmayıb.
Xatırlatma
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.