ABŞ-ın Azərbaycandakı səfirliyi rəqəmsal media və kommunikasiyalar, kənd təsərrüfatı və turizm ilə maraqlanan birinci və ya ikinci kurs universitet tələbələrini ABŞ-dakı icma kollecinin ev sahibliyi etdiyi bir illik qeyri-dərəcə təhsil proqramına dəvət edir.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Turan agentliyinə göndərdiyi press-relizində deyilir.
Səfirlik dekabrın 22-də təhsil proqramını elan edib. Proqramda iştirak etmək istəyənlər 2024-cü il yanvarın 26-dək müraciət edə bilər.
Proqram tam olaraq ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.
ABŞ səfirliyinin məlumatında qeyd edilir ki, 2024-cü ilin iyulundan 2025-cü ilin iyununa qədər bir il müddətinə təklif olunacaq proqram üçün 4 nəfər azərbaycanlı tələbə seçiləcək.
“Tələbələr digər amerikalı və beynəlxalq tələbələrlə birgə ABŞ kolleclərindən birində təhsil alacaqlar. Bu, akademik dərəcə nəzərdə tutulmayan bir proqramdır. Proqram başa çatdıqdan sonra tələbələrin Azərbaycana qayıtması gözlənilir. ABŞ Dövlət Departamenti ABŞ-dakı proqram müddətində təhsil haqqını qarşılayacaq və maliyyə yardımı göstərəcək”, ABŞ səfirliyi bildirir.