Ələsgər Məmmədli: Mediaya dövlət nəzarəti minumuma endirilməlidir

Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda medianın vəziyyətində nəzərə çarpacaq dəyişikliklərin baş verməsinin səbəblərindən danışıb.

Amerikanın Səsi: Ələsgər bəy, başa vurduğumuz 2023-cü ildə Azərbaycanda medianın vəziyyətində nəzərə çarpacaq dəyişikliklər baş verdimi? Bu sahədə hansı tendensiyaları müşahidə etdiniz?

Ələsgər Məmmədli: Əslində, 2023-cü ildə medianın vəziyyətində nəzərə çarpacaq dəyişiklik dedikdə, hesab edirəm ki, medianın daha sıx kontrola alınması, xüsusən jurnalistlərin reyestrə düşməsi ilə bağlı çərçivənin daraldılması, jurnalistlərə yönəlik təqiblərin çox net, yəni görülən şəkildə artması oldu. Düzdür, bu proses 2022-ci ildə qanunvericilik dəyişdiyi zaman gözlənilən idi. Amma hər halda bu qədər geniş şəkildə mediayaya yönəlik aqressiv bir politika aparılacağını düşünmürdüm. Amma baş verənlər onu göstərir ki, media reyesterinə alınmayan medialar var. Media reyestrinə müraciət etməyənlərin bağlanması ilə bağlı iddialar da var. Bir də fəaliyyətinə artıq bir formada müəyyən təzyiqlər içərisində ya son qoymaqda olan, ya da son qoyulan medialar var. Məsələn, Kanal 13, Abzas Media. Bu onu göstərir ki, mediaya yönəlik 2023-cü il daha neqativ xatırlanacaq, məhdudiyyətlər daha ön plandadır.

Your browser doesn’t support HTML5

Ələsgər Məmmədli: Mediaya dövlət nəzarəti minumuma endirilməlidir

Amerikanın Səsi: Artıq bir neçə ildir ki, yeni media qanunu qüvvədədir. Qanun qəbul olunan zaman jurnalistlər, media ekspertləri, bəzi beynəlxalq təşkilatlar təklif olunan normalarla bağlı bir çox narahatlıqlar ifadə etmişdilər? Praktikada bu narahatlıqlar özünü doğrultdumu?

Ələsgər Məmmədli: Ümumiyyətlə, hər bir şeyin həm ümumi infrastrukturu önəmlidir, həm də praktik mühiti önəmlidir. Biz bilirik ki, medianın hüquqi infrastrukturunu nizamlayan “KİV haqqında” və “Teleradio haqqında” qanunlar qüvvədən düşüb. Yerində olan “Media haqqında” qanuna gələndə, orada qanun xaraker etibarı ilə tamamilə dövlət kontrolunda olan bir strukturu formalaşdırır. Eyni zamanda, medianın davamlı basqı altında ola biləcəyi qanundur. Çünki 14-cü maddədə çox sayda məhdudiyyət var ki, istənilən birini bir iki dəfə pozan medianın sabah fəaliyyətinin dayandırılması ilə bağlı, yaxud da hansısa cərimələrin və s. tətbiq olunması ilə bağlı addımlar atılsın. Bu da media azadlığını birbaşa təhdid edir. Mahiyyət budur. Hüquqi mühit, qanunvericilik əgər standarta uyğun deyilsə, sonrakı praktika zatən olduğu kimi olsa belə neqativ olur. Halbuki bizdə bir reallıq var ki, qanunda olmayanları da tətbiq edirlər neqativ mənada. Bu da daha çox məhdudlaşdırılmış olur. Məncə, “Media haqqında” qanunun keyfiyyəti ilə bağlı Venesiya Komissiyasının rəyini artıq təkrarlamağa ehtiyac yoxdur. Birmənalı olaraq Avropa Şurasının üzvü olan ölkə üçün belə qanunun mövcud olması ifadə və media azadlığına uyğun gəlmir.

Amerikanın Səsi: Media və ifadə azadlığı sahəsində durumu necə qiymətləndirərdiniz?

Ələsgər Məmmədli: Durum heç də xoş görünmür. Xüsusən də 2023-cü ildə biz bilirik ki, çox sayda media reyestrinə alınmayan media qurumları oldu. Düzdür, onların 20-yə yaxını məhkəmə iddiası qaldırıb. Onlarla bağlı neqativ qərarlar da var. Eyni zamanda Medianın İnkişafı Agentliyi tərəfindən reyestrə müraciət eləməyən media qurumlarının bağlanması üçün ayrıca müraciət olunub. Ən ciddi problem 2023-cü ildə mən hesab edirəm ki, medianın fəaliyyətinin dayandırılması ilə bağlı prosessual qanunvericiliyə olan dəyişklik oldu. Çünki normalda biz bilirik ki, jurnalistin hüququ pozulursa, bəzən aylar, illər lazım olur onu bərpa etməyə. Agentlik sadəcə birbaşa apellyasiya məhkəməsinə medianı birbaşa bağlamaq üçün müraciət edir və həmin müraciətə cəmi 15 gün içərisində baxılır. Apellyasiya məhkəməsinin qərarından yalnız üç gün müddət var ki, bundan ali məhkəməyə şikayət eləsin. Bir medianın bu qədər rahatlıqla, surətlə dayandırmanın hüquqi mühiti varsa, praktik mühiti də əlbəttə bərbad vəziyyətə düşür. Ayrıca, 2023-cü ilin sonlarına doğru çoxsaylı jurnalistlər müxtəlif bəhanələrlə həbsə atılıb.

Amerikanın Səsi: Azərbaycanda azad medianın inkişafı üçün hansı addımlar atılmasını təklif edərdiniz?

Ələsgər Məmmədli: İlk dəfə də deyil, hər ilin sonunda, növbəti ilin başlanğıcında arzumuzu, cəmiyyəti dəyişə biləcək təkliflərimizi dilə gətiririk. Mən hesab edirəm ki, media mühitinə neqativ təsir edən “Media haqqında” qanun həqiqətən ciddi ekspertiza edilib yenidən işlənməlidir. Mediaya dövlət nəzarəti minumuma endirilməlidir. Nəzarət tamamilə olmamalıdır demirəm. Media öz-özünü tənzimləməlidir. Kimin jurnalist, kimin media olmasını hansısa agentlik, nazirlik müəyyən edə bilməməlidir. Təəssüf ki, hüquq artıq bunu tələb edir. Yaxud hansısa məlumatların yayıb və ya yaymamağın hüquqi məsuliyyət yaradacağını yalnız məhkəmə instansiyası müəyyən etməlidir. Ona görə birinci hüquqi mühit dəyişməlidir. Həm “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun yenidən nəzərdən keçirilməlidir. Orada məhdudlaşdırıcı normalar olmamalıdır, həm də “Media haqqında” qanun, praktikaya gələndə isə jurnalistlərin fəaliyyətinə heç bir müdaxilə olmamalıdır.

Qeyd: Bu, Ələsgər Məmmədlinin fikirləridir. Azərbaycan hakimiyyəti ölkədə media azadlığının tam təmin edildiyini, dövlətin mediaya daim yardım göstərdiyini bildirir. Bununla yanaşı Azərbaycan Ümumdünya Mətbuat Azadlığına dair indeksində180 ölkə arasında 151-ci yeri bölüşür. Avropa Şurasının Venesiya Komissiyasi Azərbaycanın “Media haqqında” qanununun Avropa standrtlarına uyğun olmadığını bildirib. Həmçinin hazırda ölkədə ondan çox jurnalist həbsdədir.