Azərbaycanın Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qızın atası Mübariz Quliyev cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” hesabatında deyilir ki, 2022-ci ildə Azərbaycanda 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2,011 nəfər olub
“Bu, 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb” - sənəddə bildirlir.
İnsan hüquqları sahəsində ixtisaslaşan vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, hesabatda qaldırılan problemlər reallığı əks etdirir.
“Hətta 14-17 yaş arasında olan qızlardan da doğuş edənlər var. Bu birincisi təhsildə boşluqlarla bağlıdır. Məktəbdə uşaqlar bu məsələlərlə bağlı maarifləndirilmir. İkincisi isə erkən nikahlar geniş yayılıb. Nəticədə erkən doğuşların sayı artır. Bu hallarda zorakılıq halalrı da baş verir.”
Vəkil hesab edir ki, yerli qurumlar bu halları dərhal araşdırıb, hüquqi qiymət verməlidir.
“Əslində, həddi buluğa çatmayan qızlarda doğuş halları olan kimi dərhal bu cinayət faktları araşdırılmalıdır,” o, qeyd edib.