Bərdə Qadın Klubu 2021-ci ilin yanvarında təsis edilib. Burada qadınlara kompyuter bilikləri öyrədilir, gender bərabərliyi mövzusunda təlimlər keçirilir, eyni zamanda hüquqi və psixoloji yardım göstərilir. Klubun yaradıcısı Ülviyyə Babasoy deyir ki, indiyə kimi 250-dən çox qadına dəstək ola biliblər.
“Birinin atası qoymur, birinin yoldaşı ya qardaşı qoymur. Belə olanda da, məsələn, biz ona çarə tapmışdıq. Ailənin kişi üzvlərini dəvət edirdik ki, gəlin, özünüz öz gözlərinizlə görün. Baxacaqsınız, görəcəksiniz ki, bura sırf qadınların şəxsi inkişafı ilə bağlı bir yerdir.”
“Regionda, ümumiyyətlə, qadınların sırf toplaşa biləcəyi, sosial həyatla məşğul ola biləcəyi heç bir şey yoxdur, olmayıb.”
Bərdə sakini olan işçi qadınlar toplaşıb söhbət edə, müzakirə apara biləcəkləri ictimai məkanların çoxalmasını arzu edirlər.
“Qadınlar üçün sən deyən elə bir iş yoxdur. Amma kişilər de elə, çayxanalarda filan.”
Bərdə sakini Rəna İsbəndiyarova deyir ki, qadınlar üçün sosial məkanların sayı artsa, qadın hüquqları, erkən nigah kimi problemləri daha çox müzakirə etmək imkanı olar.
“Qadınlar üçün hamı yığışsın bir yerə, elə oturaq, necə deyim, hər şeyə qatılaq da bunlarla bərabər. Yığışaq bir yerdə, söhbət edək, hərənin nə fikri var, bildirsin.”
Sosial işçi Rəvan Məmmədov hesab edir ki, xarici təşkilatların çoxunun Azərbaycanda fəaliyyətini dayandırması qadınların da sosial həyatda iştirakçılığına mənfi təsir edib.
“Sülh korpusu” könüllüləri, evli bir cütlük-ər-arvad gəlmişdi. Onlar pulsuz ingilis dili öyrədirdilər, Amerikada təhsillə bağlı onlar daha çox məlumat verirdilər. Və adamlar məktəblərdə, digər yerlərdə uşaqlarını onlara etibar edirdilər, yəni qızlarını.”
Ülviyyə Babasoy düşünür ki, qadın hüquqları bağlı maarifləndirici mövzular medianın və televiziya verilişlərinin daim diqqətində olmalıdır.
“Əslində qadınların təhsil alması, təhsilə yönləndirilməsi, sosial-ictimai həyata cəlb olunması, aktivliyin artırılmasının faydalı olduğunu çatdıra bilən görüşlər təşkil olunmalıdır ki, insanlar buna inansın.”