Accessibility links

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Azərbaycana çoxsaylı tövsiyələr verib


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Azərbaycana çoxsaylı tövsiyələr verib
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Azərbaycana çoxsaylı tövsiyələr verib

BMT-nin İnsan Hüquqları Ali Komissarlığı Bakıda beynəlxalq konvensiyalarla bağlı Azərbaycanın hesabatları üzrə yekun qeydlər və tövsiyələrin təqdimatını keçirib

BMT-nin İnsan Hüquqları Ali Komissarlığı “Mülki və siyasi hüquqlar haqqında” beynəlxalq Pakt, “İşgəncələrə və digər qəddar, insanlıqdan kənar, yaxud ləyaqəti alçaldan davranış və cəza növləri əleyhinə dair”, “İrqi ayrı seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında”, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Bütün fəhlə miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” beynəlxalq konvensiyalarla bağlı Azərbaycanın hesabatları üzrə yekun qeydlər və tövsiyələrin təqdimatını keçirib.

BMT-nin İnsan Hüquqları Ali Komissarlığı hesab edir ki, Azərbaycan dövləti Ombudsmanın şikayəti ilə bağlı gördüyü tədbirlər barədə məlumat verməli, məişət zorakılığı ilə bağlı qanunvericiliyi gücləndirməli, qurbanlar üçün sığınacaqların sayını artırmalı, qızlar və oğlanlar üçün eyni nigah yaşı təsdiq etməli, əcnəbiləri işgəncə və pis rəftara məruz qaldığı ölkələrə geri qaytarmamalı, Milli Təhlükəsizlik nazirliyinin istintaq təcridxanasını bağlamalı və ya Ədliyyə nazirliyinə verməli, işgəncə və pis rəftarla bağlı şikayətlərə dərhal baxmalı, məsuliyyət daşıyan şəxslərə qarşı ittiham irəli sürməli, polis məntəqələrində və məhkəməyə qədər saxlama yerlərində audio və video avadanlıqlardan istifadəyə şərait yaratmalı, müstəqil məhkəmə orqanlarının fəaliyyətini təmin etməli, xüsusilə məhkəmə orqanlarında korrupsiya hallarına qarşı mübarizə səylərini artırmalıdır.

Komitə dövlətə söz azadlığı sahəsində birbaşa və dolayı yolla məhdudiyyətlərə son qoymaq üçün zəruri tədbirlərin görməsini tövsiyə edir. “Tərəf dövlət media işçilərinin ləyaqətinə və həyatına qarşı yönəldilmiş qəsdlərdən effektiv qorunmasına, belə hallar baş verdikdə xüsusi diqqət yetirməsinə və kəsərli cavab verməsinə səslənilir. Dövlət müstəqil qəzetləri, həmçinin radio stansiyaların yerli yayımını əsassız qaydada məhdudiyyət çərçivəsində saxlamamalı, toplaşmaq hüququnun heç bir məhdudiyyətə məruz qalmasına şərait yaratmamalıdır”, - deyə “Mülki və siyasi hüquqlar haqqında” beynəlxalq paktla bağlı tövsiyələrdə qeyd edilir.

İşgəncələrlə bağlı tövsiyələrdə deyilir ki, dövlət 2003-cü ildən etibarən işgəncə əleyhinə şikayətlərin sayı da daxil olmaqla görülən tədbirlərlə bağlı Komitəyə məlumat verməlidir. “Azərbaycan Cinayət Məcəlləsinə əsasən işgəncəyə məsul şəxslərin və rəsmilərin ittiham edilməsinin mümkünlüyünü təmin etməlidir. İşgəncə ilə bağlı açıq qalmış ittihamları təmin etmək üçün mühüm tədbirlər görülməlidir. İştirakçı dövlət azadlıqdan məhrum olunma zamanı qeydiyyatı təmin etməli, dustaqlar üçün mərkəzi qeydiyyat sistemi işgəncədən qorunmaq üçün Avropa Komitəsinin tövsiyələrinə uyğunlaşdırılmalı, bütün saxlanma yerlərinin müstəqil monitorinqinə şərait yaradılmalıdır. Cəzaçəkmə yerlərində ölüm halları araşdırılmalı, bütün ölüm hallarına görə cəld istintaq aparılmalı, qurbanların ailələrinə kompensasiya verilməlidir”.

Müzakirələrdə bütün hallar üzrə tövsiyələrin yerinə yetirilməsi vacib bilinib. BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Cənubi Qafqaz üzrə koordinatoru Vladlen Stefanov Azərbaycanın qəbul etdiyi konvensiyaların yerinə yetirilmə vəziyyəti ilə bağlı son illərdə hesabatlarının sayının əhəmiyyətli dərəcədə artdığını qeyd edib. “2009-cu ildə Azərbaycanın verdiyi hesabatların sayı son 16 ildə verilən hesabatların sayına bərabərdir. Bu müsbət haldır. BMT-nin İnsan Hüquqları Ali Komissarlığı və Corc Soros Fondu bu il alternativ hesabatların hazırlanması üçün də dəstək verib”, - deyə o qeyd edib.

Alternativ hesabatlardan birini hüquq müdafiəçisi Rəsul Cəfərov hazırlayıb. Onun hesabatına uyqun olaraq media və Ombudsmanın şikayətləri araşdırması ilə bağlı Ali Komissarlığa məlumat verilməsi mexanizmi tövsiyə kimi irəli sürülüb. Cənab Cəfərov hesab edir ki, müvəqqəti saxlama kameralarında da nəzarət mexanizmi olmalıdır.

Hüquq müdafiəçisi Aydın Kərimov əməkçi miqrantlar və siyasi qaçqınlarla bağlı islahatlara ehtiyac duyulduğunu deyib. Onun fikrincə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında qaçqın statusu almış insanların belə işlə təmin edilməsində problemlər var.

“Hüquq dünyası” təşkilatının sədri Nazir Quliyev uşaq hüquqları ilə bağlı tövsiyələrin yerinə yetirilməsini vacib sayır. “Uşaqların hüquqlarının qorunması ilə bağlı icra strukturlarının fəaliyyəti hələ də sovet dövrünü xatırladır”.

Hüquq müdafiəçisi Emin Hüseynli cəzaçəkmə yerlərində yalnız icazə verilmiş hüquq müdafiəçilərinin monitorinq aparmasını düzgün hesab etmir. “Bu ayrı seçkilikdir və bütün hüquq müdafiəçilərinin müstəqil monitorinq aparması üçün şərait yaradılmalıdır”.

Cənab Hüseynli hesab edir ki, Azərbaycanda məhkəmələrin müstəqilliyi və həbsxanalarda işgəncə hallarının olmaması ilə bağlı deyilənlər reallığı əks etdirmir.

XS
SM
MD
LG