Dekabrın 20 günü ərzində Azərbaycanda 60 mindən çox uşaq qızılca əleyhinə peyvənd olunub.
Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, həm birinci, həm də ikinci peyvənddən kənarda qalan uşaqlar vaksinasiyadan keçir.
“Düşünürəm ki, qısa zaman ərzində yüksək faizli peyvəndlə əhatəolunma nəticəsində xəstəliyin ölkədə yayılmasını dayandıra bilərik. Peyvənd məntəqələrində kifayət qədər vaksin var. Yüksək keyfiyyətli, effektiv və təhlükəsiz vaksinlərdir. Onlar Azərbaycana UNICEF xətti ilə gətirilir və Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir. Heç bir uşaqda peyvənddən sonra ağırlaşma baş vermir”, o qeyd edib.
Afaq Əliyeva valideynləri uşaqları kütləvi tədbirlərə aparmamağa çağırıb.
“Yeni il şənliklərinin keçirildiyi günlər yaxınlaşır. Əgər uşağın peyvəndi yoxdursa, çalışsınlar tez bir zamanda vaksin vurdursunlar. Peyvənddən sonra bir aya qədər müddət lazımdır ki, orqanizmə daxil olan vaksinə qarşı immunitet yaransın. Çalışsınlar uşaqlarını şənliklərə bir o qədər çox aparmasınlar, kütləvi toplanma yerlərindən uzaq olsunlar ki, uşaqlar arasında bu xəstəliyin yayılma ehtimalı bir o qədər çox olmasın”, o qeyd edib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini bildirib ki, Azərbaycana 10 yaşdan yuxarı əhalinin qızılca əleyhinə peyvənd olunması üçün də vaksin gətirilib.
“Hazırda tibb müəssisələrinə paylanma dövründədir. Yaxın günlərdə 10 yaşdan yuxarı məktəblilər, o cümlədən yeniyetmələr və böyüklər öz ərazi poliklinikalarına müraciət edərək həkim baxışından keçiriləcək və tibbi əks-göstəriş yoxdursa, peyvəndə cəlb olunacaqlar”, o qeyd edib.
Xatırladaq ki, Azərbaycanda qızılca xəstəliyinə yoluxanlarla bağlı rəsmi statistika açıqlanmasa da, müşahidəçilər ölkə üzrə azı bir neçə yüz nəfərin bu xəstəliyə yoluxduğunu hesab edir. Yerli medianın məlumatına görə, qızılca xəstəliyindən azı beş nəfər ölüb. Sonuncu ölüm halları dekabr ayında Lənkəran və Şirvan rayonlarında qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatınınn (ÜST) məlumatına görə, Avropa regionunda qızılcaya yoluxma hallarının sayının həyəcanverici artımı müşahidə olunur.
“Yanvar-oktyabr aylarında regionda 53 üzv dövlətdən 40–ı 30 mindən çox yoluxma halı barədə məlumat təqdim edilib, bu isə bütöv 2022-ci il (941 hal) ilə müqayisədə 30 dəfə çoxdur. ÜST xəbərdarlıq edir ki, təcili tədbirlər görülməzsə, bu tendensiya davam edəcək”, məlumatda qeyd edilir.