Milli fəal Cavad Sudbərin səhhəti ilə bağlı narahatlıqlar artıb

Milli fəal Cavad Sudbər

Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılan milli fəal Cavad Sudbərin səhhətindən ailəsi və yaxınlarının narahatlığı artıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, dekabrın 7-də milli fəala həyat yoldaşı İlham Həbibi ilə qısa telefon əlaqəsi saxlamağa icazə verilib ki, həmin telefon görüşməsi də Təbriz Kəşfiyyat İdarəsinin təhlükəsizlik qüvvələri tərəfindən qəfil kəsilib.

Telefon danışığında Cavad Sudbər aclıq aksiyasına başlamaq qərarını açıqlayıb. O, dekabrın 9-da aclıq aksiyasına başlayacağını bildirib. O vaxtdan bəri ailəsinə ondan heç bir zəng gəlməyib. Bu isə həyat yoldaşının, dostlarının və yaxınlarının səhhəti ilə bağlı narahatlığını ikiqat artırıb.

İlham Həbibi son günlər davamlı olaraq İnstagram hesabında paylaşım edərək həyat yoldaşının səhhətindən narahat olduğunu bildirir və Cavad Sudbər haqqında xəbərlərin yayılmasını xahiş edir.

Artıq 11 gündür ki, Cavad Sudbər Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında azadlığa buraxılmasına və qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası keçirir. İlham Həbibi səhhətində problemlər olmasına baxmayaraq, həyat yoldaşına dəstək üçün aclığa başlasa da, yaxınlarının və milli fəalların xahişi ilə aclıq aksiyasını dayandırıb.

Hüquq müdafiəçisi Sina Yusifi X hesabında Cavad Sudbərın həyat yoldaşının onun səhhətindən narahatlığını bildirməsi barədə məlumat verib.

"O, Təbriz Kəşfiyyat İdarəsinin qeyri-rəsmi təcridxanasında qanunsuz saxlanılır və işgəncələrə məruz qalır. Onun həyatı ciddi təhlükə altındadır," o bildirib.

Sentyabrın 13-də Təbriz şəhərində milli fəal Cavad Sudbər digər 5 milli fəal - Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Əmir Hüseyn Ağayi və Seyid Məhəmmədrza Müvəhhid ilə eyni vaxtda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Onunla eyni gün həbs edilən digər 4 fəal azad edilib, lakin Cavad Sudbər və Əli Babayi hazırda Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılır.

Bu gün dekabrın 19-u o, 3 aydan artıq - 98 gündür ki, təhlükəsizlik qüvvələrinin nəzarətində sorğu-suala çəkilir və təkadamlıq kameralarda saxlanılır.