Avropa Şurası Nazirlər Komitəsi 5-7 dekabr tarixlərində baş tutan insan hüquqları iclasında Azərbaycanda Avropa Məhkəməsi qərarlarının icrasını müzakirə edərək müxtəlif qrup işləri üzrə üç qərar və bir qətnamə qəbul edib.
Nazirlər Komitəsi Məmmədli qrupu işləri üzrə qərarında Avropa Məhkəməsi qərarlarının icra edilməməsi, çoxdan gözlənilən daxili məhkəmə qərarlarının nəticəsi ilə bağlı heç bir məlumat verilməməsi və ərizəçilərin məhkumluğunun hələ də qüvvədə qalmasından dərin narahatlıq ifadə edib.
Məmmədli qrupu işləri Azərbaycanda 2013-2016-cı illərdə ictimai-siyasi fəalların, jurnalist və hüquq müdafiəçilərinin fəaliyyətlərinə və hökumətə qarşı tənqidi mövqelərinə görə siyasi təqiblərə və əsassız həbslərə məruz qalması ilə bağlıdır. Bu qrupda Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Qiyas İbrahimov və Bayram Məmmədov, Arif və Leyla Yunusların işləri yer alır.
Nazirlər Komitəsi yenidən Məmmədli qrupunda yer alan bütün ərizəçilərin məhkumluqlarının ləğv edilməsi və məhkumluqdan doğan mənfi nəticələrin aradan qaldırılması üçün Azərbaycan hakimiyyətini təcili tədbirlər görməyə çağırıb.
Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən törədilmiş işgəncə və pis rəftara, bununla bağlı səmərəli araşdırmaların aparılmamasına dair işləri əhatə edən “Muradova”, “Məmmədov (Cəlaloğlu)” və “Mikayıl Məmmədov” qrupları üzrə qəbul etdiyi qərarında Nazirlər Komitəsi Azərbaycanda hüquq-mühafizə orqanlarında pis rəftarın təkrarlanan problem olaraq qaldığını qeyd edib.
Qərarda pis rəftara dair iddiaların operativ şəkildə aparılmaması ilə bağlı narahatlıq ifadə edilib, Azərbaycan hakimiyyəti bu istiqamətdə araşdırmaların operativ və effektiv şəkildə aparılması üçün səyləri ikiqat artırmağa, effektiv araşdırmanın təmin edilməsi üçün qanunvericiliyə müvafiq dəyişikliklər etməyə çağırılıb.
Hüquq-mühafizə orqanlarında pis rəftarla bağlı iddiaların daha yüksək müstəqil prokuror tərəfindən araşdırılmalı olduğunu qeyd edən Nazirlər Komitəsi, hakimiyyəti pis rəftarla bağlı şikayətlərin ümumi sayı, başlanmış cinayət araşdırmalarının sayı, məhkumluqların sayı və təyin edilmiş cəzaların təfərrüatları barədə statistik məlumatları təqdim etməyə çağırıb.
Nazirlər Komitəsi həmçinin hərbi xidmətdən imtina etdiyi üçün cinayət təqibinə məruz qalan “Yahova şahidləri” dini icmasının üzvlərinin işi ilə bağlı olan “Müşfiq Məmmədov və başqaları Azərbaycana qarşı” işinin icrası ilə bağlı qərar qəbul edib. Qərarda alternativ hərbi xidmətlə bağlı Avropa Şurası standartlarına cavab verən qanunvericiliyin təcili şəkildə hazırlanmasının vacibliyi vurğulanıb.
Azərbaycan hökuməti Nazirlər Komitəsinə bu işin icrasına dair təqdim etdiyi fəaliyyət planında alternativ hərbi xidmətlə bağlı qanunvericiliyin hazırlanması üçün müvafiq dövlət orqanları ilə məsləhətləşmələrə başlanıldığını qeyd etmişdi.
Nazirlər Komitəsinin gündəliyində olan digər bir iş - “Makuçyan və Minasyan Azərbaycana qarşı” işi üzrə qərarın icra durumu 2024-cü ilin martında baş tutacaq iclasda müzakirə edilməsi üzrə təxirə salınıb. Nazirlər Komitəsinin qəbul etdiyi qətnamə isə Azərbaycana qarşı iki işin icrasına nəzarətin dayandırılması ilə bağlıdır.