Azərbaycan-Avropa İttifaqı Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsinin yenilənməyi barədə razılıq əldə olunub.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“BƏƏ-də Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşdə Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizi, enerji dialoqumuzun digər prioritetlərinə dair səmərəli müzakirələr apardıq. Azərbaycan-Aİ Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsini yeniləməyi razılaşdırdıq” - deyə, nazir əlavə edib.
Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ildə Bakıda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə birlikdə Energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalayıb.
Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artırıb.
Aİ ölkələrinə - Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixracı ilə yanaşı, Azərbaycan Gürcüstana və Türkiyəyə də mavi yanacaq tədarük edir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Azərbaycan əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə infrastrukturun genişləndirlməsini nəzərdə tutan memorandum imzalayıb.
“Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rimıniya, Macarıstan və Slovakiya olacaq. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.
Rəsmi statistikaya görə, Azərbaycanın 800 milyon tondan çox neft, 2,6 trilyon kubmetr qaz ehtiyatları var.