"Həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun səhhətində olan problemlərin daha da kəskinləşib".
Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə deyib.
“Şəkəri ilə bağlı heç cür normallaşma olmayıb, baxmayaraq ki, ona çox yüksək dozada insulin təyin edilib. Bizə Qubad bəyin Londonda olan həkimləri də xəbərdarlıq etmişdilər ki, insulinin dozasının yüksək olması onda aritmiya yarada bilər. Ürək döyüntüləri sürətlənə bilər. Doğurdan da elədir. Onun ürək döyüntüsü 100 dən aşağı düşmür”, o bildirib.
Qalib Toğrulun sözlərinə görə, Qubad İbadoğlunun səhhətinin ağırılaşmasına baxmayaraq müalicə müəssisəsinə köçürülməyib.
O qeyd edib ki, hələ də iqtisadçı alimin müayinə və analiz nəticələrini ala bilməyiblər.
“Bel ağrıları daha da şiddətlənib. Ona demişdilər ki, bu həftənin əvvəlindən fizioterapeya təyin edəcəklər. Bu fizioterapeya isə bundan ibarətdir ki, onlar bir elektroforez aparatı gətiriblər. Ayaqlarına və belinə elektrik verirlər. Hal hazırda bunun da müsbət bir nəticəsi qeydə alınmayıb“, Qubad İbadoğlunun qardaşı deyib.
Your browser doesn’t support HTML5
Qalib Toğrul qeyd edib ki, noyabrın 30-da vəkillər Qubad İbadoğlu ilə görüşüblər.
“Dediyim kimi, Qubad bəyin səhhəti ilə bağlı ailəsi, yaxınları olaraq çox narahatıq”, Qalib Toğrul qeyd edib.
Onun sözlərinə görə, aiddiyyatı qurumlar Qubad İbadoğlunun tibb müəssisəsinə köçürülməsi ilə bağlı müraciətlərə imtina cavabı veriblər.
Öz növbəsində Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.
Xatırlatma
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.