Noyabrın 16-da Nərimanov Məhkəməsində ADR Partiyasının sədri, professor Qubad İbadoğlunun həbs müddətinin uzadılması məsələsinə baxılıb.
Vəkil Zibeydə Sadıqovanın Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmə onun həbs müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul edib.
"Müstəntiq və prokuror məhkəməyə vəsatət və təqdimat verdi ki, Qubad bəyin həbsdə qalma müddəti daha üç ay uzadılsın. Çünki istintaq hərəkətləri keçirilir. O, azadlıqda qalarsa istintaqa təsir edə bilər. Dedilər ki, hətta bəlkə yeni ittihamlar ola bilər", vəkil Zibeydə Sadıqova deyib.
Onun sözlərinə görə, məhkəmədə iştirak edən Qubad İbadoğlu ona verilən ittihamların və həbsdə qalması üçün heç bir əsası olmadığını deyib.
"Çox təəssüf ki, məhkəmə bizim arqumentləri nəzərə almadı", vəkil bildirib.
Vəkillər birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildiriblər.
Öz növbəsində Qubad İbadoğlunun qardaşı Qalib Toğrul qardaşının səhhətinin ağırlşadığını bildirib.
"Professor Qubad İbadoğlunun bel-oma nahiyyəindəki problem (protruziya, fəqərəarası dəliklərin daralması, degenerasiya, sinir qıcıqlanması, osteofit və sair) o qədər kəskinləşib ki, gecələr ayaqlarının ağrısından yata bilmir, gün ərzində xroniki yorğunluq və halsızlıqdan əziyyət çəkir, hərəkət qabiliyyəti hər gün məhdudlaşıb.
İnsulinin tətbiqindən sonra onun yan təsirləri müşahidə edilməkdədir, ürək döyüntüləri 115-120 arası olur. Bu da aortanın anevrizması xəstəliyi kimi ciddi ürək xəstəliyi olan qardaşım üçün çox təhlükəlidir", o deyib.
Onun sözlərinə görə, 20 günə yaxındır ki, Qubad İbadoğlu Bakı İstintaq Təcridxanasının Tibbi Sanitar Hissəsinə nevroloq (və ya nevropatoloq) və endokrinoloq müayinəsinin keçirilməsi üçün müraciət edib.
"Ancaq Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həkim müayinəsini təmin etmir, göndərdiyimiz sorğulara imtina cavabları verməklə məşğuldu" o bildirib.
Penitensiar xidmətdən şərh alımaq mümkün olmayıb.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.
Forum