Təhlükəsizlik qüvvələri Hamid Yeganəpurun xəstəxanaya yerləşdirilməsi üçün ailəsində mülki zəmanət təmin edilməsini istəyib.
İran Azərbaycanı ilə bağlı xəbər yayan AZOH Telegram kanalı, bu gün noyabrın 27-də bildirib ki, təhlükəsizlik qüvvələri milli fəal Hamid Yeganəpurun ailəsi ilə əlaqə saxlayıb və onun vəziyyətinin pisləşməsi barədə məlumat verərək, ailəsindən onun xəstəxanaya yerləşdirilməsi üçün mülki zəmanət təmin edilməsini istəyib.
Mülki zəmanətin məbləğinin nə qədər olması barədə məlumat verilməyib.
Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılan azərbaycanlı fəal Hamid Yeganəpurun səhhətinin vəziyyəti pisləşməsi nəticəsində onun noyabrın 13-də xəstəxanaya köçürüldüyü bildirilmişdi.
Həkimlər təcili ürək əməliyyatı tövsiyə etsələr də, təhlükəsizlik qüvvələri onu yenidən Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına qaytarmışdı.
Hamid Yeganəpurun səhhətinin vəziyyətinin pisləşdiyi və ürək xəstəliyindən əziyyət çəkdiyi üçün təcili müalicəyə ehtiyac duyması ailəsi və milli fəallar arasında təşviş doğurub.
Ona qarşı irəli sürülən ittihamlar və həbsinin səbəbləri barədə məlumat yoxdur.
Yeganehpur çərşənbə axşamı, noyabrın 7-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və şəhərin Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb.