Azərbaycandan elektrik avadanlıqlarının daha bir partiyası Ukraynaya yola salınıb.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Facebook hesabında yazıb.
“Bu humanitar yük transformatorlar və kabel avadanlıqlarından ibarətdir. Yardım dərhal ən çox ehtiyac duyulan bölgələrə paylanılacaq. Biz Azərbaycana yalnız həqiqi və sadiq dostun göstərə biləcəyi bu yardım və dəstəyə görə minnətdarıq. Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!” səfir qeyd edib.
Kanevski əlavə edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ayırdığı 7,6 milyon ABŞ dolları məbləğində vəsait çərçivəsində humanitar yardımın daha bir partiyasıdır.
Azərbaycan bundan öncə noyabrın 21-də elektrik avadanlıqlarından ibarət - 900 min metrdən çox elektrik kabelləri və naqilləri, 18 ədəd transformator və komplekt transformator məntəqələri olan humanitar yük yola salıb.
Humanitar yardımın birinci hissəsi bu il 30 oktyabrda Ukraynaya göndərilib.
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.