Strasburq məhkəməsi Azərbaycanla bağlı iki yeni qərarını elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 16-da Azərbaycanla bağlı iki yeni qərarını elan edib. Qərarlardan birinə əsasən, Azərbaycan hökuməti nümayişlərdə saxlanılan və inzibati məsuliyyətə cəlb edilən fəallara təzminat ödəyəcək.

Vəkillər Əsabəli Mustafayev və Ruslan Mustafazadənin apardığı “Kərimov və başqaları Azərbaycana qarşı” işində ərizəçilər Bakıda keçirilən nümayişlər zamanı saxlanılıb və inzibati qaydada məsuliyyətə cəlb edilib. Əsabəli Mustafayev onların sərbəst toplaşmaq azadlığının pozulduğunu və həbslərinin qanunsuz olduğunu bildirib.

Ərizəçilər Avropa Məhkəməsi qarşısında sərbəst toplaşmaq azadlığının və ədalətli məhkəmə hüququnun pozulması ilə bağlı iddia qaldırıblar.

Məhkəmənin qərarında bildirilir ki, tərəflər dostca anlaşıblar və hökumət ərizəçilərdən Yaşar Kərimov, Elnur Quliyev, Emin Fərhadov və Babək Muradovun hər birinə 4150 avro, Sərvan Cumayevə isə 2850 avro təzminat ödəyəcək.

Strasburq məhkəməsinin Azərbaycanla bağlı çıxardığı digər qərar isə “Nəcəfova və başqaları Azərbaycana qarşı” işi ilə bağlıdır. Bu işdə dörd ərizəçinin mülkiyyət hüquqlarının pozulması və səmərli müdafiə vasitələrinin olmaması ilə bağlı iddiaları yer alır. AİHM qərarında qeyd edir ki, hökumət ərizələrlə bağlı qeydlərini Məhkəməyə təqdim etsə də, ərizəçilər öz qeydlərini vaxtında təqdim etməyib və məhkəmənin məktublarına cavab verməyib. Bu halda AİHM ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Avropa Məhkəməsinə daxil olan şikayətlərin sayına görə Azərbaycan Avropa Şurasına üzv ölkələr sırasında ilk yerlərdə durur. AİHM təkcə 2023-cü ilin birinci yarısında Azərbaycanla bağlı 60-dan çox qərar və qərardad qəbul edib. Bu qərarlara əsasən hökumət ümumilikdə 551 min avrodan artıq təzminat ödəməlidir.

Azərbaycanla bağlı ilin ilk yarısında çıxarılan qərarlarda ən çox mülkiyyət hüququ və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu aşkarlanıb. Məhkəmə 21 ərizəçiyə münasibətdə mülkiyyət hüququnun, 14 ərizəçiyə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun, 8 ərizəçiyə münasibətdə isə sərbəst toplaşmaq azadlığının pozuntusunu tanıyıb.