Təbriz millət vəkili Məsud Pezeşkiyan İranın Nəzarət Şurası tərəfindən "İffət və Hicab" qanun layihəsinin yenidən baxılması qərarına reaksiya verib.
Nəzarət Şurası qanun layihəsində bəzi anlaşılmazlıqlar olduğu üçün onu təsdiq etməyib və yenidən baxılması üçün parlamentə göndərib.
Nəzarət Şurası qanun layihəsində düzəliş edilməsi üçün parlamentin xüsusi komissiyasına göndərərək, buna "təfərrüatlarda qeyri-müəyyənliklərin mövcudluğunu" səbəb olaraq göstərib.
SEE ALSO: İranlı parlamentar: "İffət və Hicab qanun layihəsinə ictimai dəstək yoxdur"Pezeşkiyan "Şərq" qəzeti ilə bununla bağlı müsahibəsində "İffət və Hicab" qanun layihəsi barədə bildirib ki, layihədə olan qüsurların təfərrüatları hələlik parlamentə açıqlanmayıb, lakin hazırda parlamentdə bir qrup bunları araşdırır və müzakirə edir.
O bildirib ki, parlamentdə bu məsələ qaldırılmayıb və bu barədə onun və digər deputatların fikri alınmayıb.
Məsud Pezeşkiyan hesab edir ki, insanların davranışlarının dəyişdirilməsi yalnız qanunvericilik və məcburi əmrlərlə baş verə bilməz. O hesab edir ki, davranışı dəyişmək üçün təhsil aspektlərinə diqqət yetirmək, cəmiyyətdə islahatlar aparmaq lazımdır. Bu islahatlara təhsil, maarifləndirmə və insanlara davranışlarını şüurlu və könüllü olaraq dəyişməyə kömək etmək üsulları daxil ola bilər.
Hakimiyyətin reformist cərəyanına yaxın olan Təbriz millət vəkili həmçinin bildirib ki, əmr vermək və əmr sözlərindən istifadə insanlarda mənfi reaksiyalar və aqressivlik yarada, problemi həll etmək əvəzinə məsələni daha da pisləşdirə bilər.
"İnsanların davranışlarını dəyişmək üçün onlarla gözəl dilə əsaslanaraq danışmaq və onların yaxşılaşmasına kömək edəcək üsullardan istifadə etmək lazımdır" - deyə, millət vəlkili əlavə edib.
Pezeşkiyan bir problemin "vurub cərimələməklə" həll oluna biləcəyini düşünmədiyini bildirib.
O daha öncə də İran mediasına verdiyi müsahibəsində qanun layihəsinin parlamentin ümumi iclasında oxunuşu əvəzinə, xüsusi komissiyada baxılmasına və ümumiliklə bu layihəyə tənqidi yanaşmışdı.
SEE ALSO: Təbriz millət vəkili hicaba dair qanun layihəsi ilə bağlı parlamentin qərarını tənqid edib"İffət və Hicab" qanununda ictimai yerlərdə geyim qaydalarına riayət etməməklə bağlı müxtəlif cəzalar nəzərdə tutulur.
Qanuna görə, ilk dəfə qaydalara riayət etməməyə görə 24 milyon tümənlik cərimə təyin edilib. İkinci dəfədən dördüncü dəfəyə qədər 50 milyon tümən, beşinci dəfə isə 100-150 milyon tümən arasında cərimə nəzərdə tutulur. Həmçinin, qanun layihəsində beşinci dəfə cərimələrlə yanaşı, iki ildən beş ilədək azadlıqdan məhrumetmə, iki ilədək ölkədən çıxışa qadağa, 6 aydan iki ilədək kiberməkanda fəaliyyətə qadağa qoyulması da müəyyən edilib.